2024-cü ildə Azərbaycanda istehlak kreditləri bazarında mühüm struktur dəyişikliyi baş verib. Fiziki şəxslərin aldığı avtomobil kreditləri çərçivəsində ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin – yəni elektrik və hibrid avtomobillərin payında nəzərəçarpacaq artım qeydə alınıb. Modern.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi “Dayanıqlı Maliyyə Hesabatı - 2024” sənədinə istinadən xəbəer verir.
Mərkəzi Bankın təqdim etdiyi statistikaya əsasən, elektrik və hibrid avtomobillərə yönəldilən kreditlərin sayı üzrə payı 2023-cü illə müqayisədə 33 faiz bəndi artaraq 48 faizə yüksəlib. Bu, o deməkdir ki, 2024-cü ildə avtomobil krediti ilə alınan hər iki avtomobildən biri aelektrik və ya hibrid tipli olub. Kreditlərin məbləği üzrə isə bu artım 27 faiz bəndi təşkil edərək 65 faizə çatıb. Beləliklə, ümumi avtomobil kredit portfelinin böyük əksəriyyəti məbləğ baxımından ekoloji nəqliyyat vasitələrinə yönəlib.
Bu tendensiya ölkənin yaşıl maliyyə strategiyası, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi hədəfləri ilə üst-üstə düşür. Son illər ərzində Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalına tətbiq edilən vergi güzəştləri, həmçinin dövlət səviyyəsində maarifləndirmə və təşviq kampaniyaları bu tendensiyanın sürətlənməsində əhəmiyyətli rol oynayıb.
Bununla yanaşı, bank sektorunun da bu keçidə uyğunlaşması müşahidə olunur. Bir sıra banklar elektrik və hibrid avtomobillərə xüsusi şərtlərlə kredit paketləri təklif etməyə başlayıb.
Ekspertlər hesab edirlər ki, bu dəyişiklik yalnız maliyyə sektorunun dayanıqlılığına deyil, eyni zamanda Azərbaycanda ekoloji transformasiyanın sürətlənməsinə, havanın keyfiyyətinin yaxşılaşmasına və enerji resurslarının daha effektiv istifadəsinə töhfə verir.