İkinci Qarabağ müharibəsi 5 il öncə bitsə də, məğlub Ermənistan ordusunun uğursuz fəaliyyəti ilə bağlı işğalçıların məqalə və açıqlamaları hələ də davam edir. Erməni döyüşçülərin verdiyi açıqlamalarda əsasən Azərbaycan hərbçilərinin uğurlu əməliyyatlarına dair qorxu və təəccüb hiss olunur. Məsələn, Seyran Soqoyan adlı tank ekipajının üzvü olmuş keçmiş hərbçi yerli mediaya snayper atəşi ilə necə yaralanmasından danışıb. O qeyd edib ki, yaralandığı gün ordudan tərxis olunmasına 100 gün qalıbmış.
Soqoyan müharibə başlayan zaman ermənilərin Qarabağda qondarma ad qoyduqları "Vorotan"da xidmət edirmiş.
“Yaralanmağımın tarixçəsi çox mürəkkəbdir. Əslində mən azərbaycanlı snayper atıcısının atdığı güllədən yaralanmışam. Yaralananda nə baş verdiyini anlamadım. Ayaqlarımı dərhal hiss etmədim. Dostlarım məni tankdan çıxarandan bir müddət sonra isə həkim yanıma gələrək nəbzimi yoxlayıb. Mən heç nəfəs belə almırdım və əsgərlər öldüyümü zənn ediblər. Amma gücümü toplayıb qışqırdım ki, sağam. Dostlarım deyir ki, mən gözlərimi yumanda onlar artıq ölü duası etməyə başlayıblar", - o qəhrəman snayperimizin necə dəqiq işlədiyini açıqlayıb.
Müharibə iştirakçısı ordularındakı xaosun sübutu kimi özü də bilmədən başqa bir faktı açıb. Təkcə həkimlər hər gözünü yumanı ölü saymırmış, yaralılar da itkin kimi qeydə alınırmış. Belə ki, işğalçı ordunun tankçısı xəstəxanaya yerləşdirilərkən itkin düşənlər siyahısına salınıb. Onun adı belə heç kimə məlum olmayıb. Valideynləri Seyranı tapa bilməyiblər, amma sonda onun bəxti gətirib. Çünki Seyranın uşaqlıq dostu təsadüfən eyni xəstəxanada işləyirmiş və əsgərin valideynlərinə oğlanlarının harada olduğunu o xəbər verib.
Qəhrəman hərbçilərimiz Seyranın qardaşını da sıradan çıxarıblarmış. Bununla bağlı o deyib: “O zaman qardaşımı görmək mənim üçün çox vacib idi. Çünki o da döyüş meydanında idi və mənim yaralanmağımdan bir neçə gün əvvəl onunla əlaqəm kəsilmişdi. Mən onun reanimasiya şöbəsinə köçürülməsini səbirsizliklə gözləyirdim və o da bura gələndə artıq rahatlıq hiss etdim”.
İşğalçı ordunun əsgəri əlil arabasına məhkum olmasından da gileylənib.
İllər keçdikcə qəhrəman ordumuzun qalib döyüşçülərinin işğalçılara verdikləri dərslərin yeni-yeni nümunələrini hələ çox görəcək və oxuyacağıq...
Tural