BAKI, 1 may. TELEQRAF
Yeni araşdırmaya görə, 20 il əvvəl Macarıstanda bir bazilikada tapılan naməlum kəllə XV əsrin əfsanəvi kralı Matias Korvinusa aid ola bilər.
Teleqraf xəbər verir ki, qalıqların kimliyini təsdiqləmək üçün əlavə DNT testləri tələb olunsa da, Macarıstan Kral Stiven Muzeyinin tədqiqatçıları kəllənin Korvinusun nikahdankənar oğlunun kəllə sümüyünə bənzədiyini iddia edirlər.
Kəllə 2002-ci ildə Məryəm Ana Bazilikasında aparılan qazıntılar zamanı tapılıb, üzərində sadəcə “I/10” işarəsi qoyulub. Arxeoloqlar indi onun 1458-1490-cı illərdə hökmranlıq etmiş Macarıstan və Xorvatiyanın əfsanəvi kralı Matias Korvinusa məxsus olduğundan şübhələnirlər.
“Ədalətli” adı ilə tanınan Korvinus məhkəmə sistemində islahatlar aparması və insanları sosial statusuna görə yox, istedad və bacarıqlarına görə seçməsi ilə tanınıb.
O, İtaliyadan yayılan, sənət və elmdə yeni bir dönəm başladan İntibah dövrünü ilk mənimsəyənlərdən biri idi. Kornivusun kral kitabxanası (Bibliotheca Corviniana) o dövrdə Avropanın ən böyük kitab kolleksiyalarından biri idi.
Həmçinin orta əsrlər Avropasında ilk peşəkar daimi ordulardan birini yaratmaqla Osmanlı İmperiyasının irəliləyişinin dayandırılmasında əsas rol oynaması ilə tanınır.
Məlumdur ki, kəllə sümüyünün tapıldığı Məryəm Ana Bazilikası orta əsr Macarıstan krallarının tacqoyma və dəfn yeri olub. Amma kilsə Osmanlı hücumları da daxil olmaqla, əsrlər boyu zədələndikdən sonra XIX əsrdə məhv olub.
Bazilikada tapılan son kəlləyə gəlincə, “I/10” kimi işarələnmiş kəllə kralın əvvəllər Xorvatiyada tapılmış nikahdankənar oğlu Yanos Korvinusun kəlləsinə bənzəyir.
Tədqiqatçılar digər hökmdarların da bu bazilikada dəfn olunmasını nəzərə alaraq, yeganə ehtimal namizədin Kral Korvinusun özü olduğundan şübhələnirlər. Bəzi tarixi mənbələrdə Kral Korvinusun dəfnin 1490-cı ildə kafedralda həyata keçirildiyi göstərilir.
Bununla belə, Macarıstan hökuməti fərziyyənin elmi şəkildə yoxlanılmasının davam etdiyini bildirərək ehtiyatlı olmağa çağırır. Tam araşdırmadan sonra yekun açıqlamanın veriləcəyi bildirilir.