AZ

Azərbaycan və Qazaxıstan yeni konvensiya hazırlayır

Gəlir və əmlak vergiləri üzrə ikiqat vergitutma aradan qaldırılacaq

Azərbaycan və Qazaxıstan arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.

Hər iki ölkə iqtisadi-ticari imkanların artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviqi, nəqliyyat-kommunikasiya dəhlizlərində və “yaşıl enerji”də birgə iştirakçılıq, sənaye, aqrar-sənaye, tikinti, turizm, rabitə və digər məsələlər üzrə strateji qərarlar qəbul edərək icra etməkdədir. Tərəflər müxtəlif stimullaşdırıcı addımlar atmaq, təşviqlər tətbiq etməklə iqtisadi mübadilələrin həcmini real potensialın səviyyəsinə çatdırmaq niyyətindədir. Bu məqsədlə, vergi-gömrük, iqtisadi güzəşt rejimlərinin tətbiqi istiqamətində davamlı tədbirlər görülür.

Hazırda Dövlət Vergi Xidməti ilə Qazaxıstanın Milli Gəlirlər Komitəsi gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni konvensiya layihəsi üzrə danışıqlara başlayıb. Konvensiya vergi münasibətlərində bir sıra yeni meyarları özündə əks etdirir.

Biznesin fəaliyyətinə yeni dəstək mexanizmi

Qeyd edək ki, 1996-cı ilin sentyabr ayında Azərbaycan və Qazaxıstan gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya imzalayıb. Bu müqavilə 1998-ci il yanvarın 1-dən qüvvəyə minib. 2017-ci ilin aprel ayında tərəflər bu müqaviləyə əlavə olaraq, ondan əmlakla bağlı bəndləri çıxarmaqla protokol imzalayıblar. Bu protokol 2019-cu il yanvarın 1-dən qüvvəyə minib.

Yeni konvensiya layihəsi isə əmlakla bağlı məsələləri də hüquqi baxımdan tənzimləyəcək, vergi məsələləri ilə bağlı digər məsələləri əks etdirəcək. Bu, daha əhatəli sənəd olmaqla biznes və investisiya əlaqələrində keyfiyyət dəyişiklikləri yaradacaq. Məqsəd ölkələrin biznes icması arasında münasibətləri daha da irəliyə aparmaq üçün dəstəkləyici mühiti təmin etməkdir.

Türk ailəsinin üzvləri olan Azərbaycan və Qazaxıstan ikitərəfli münasibətləri inkişaf etdirərək keyfiyyətcə yeni mərhələyə çatdırmaqdadır. Ölkələr arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və digər sahələrdə mühüm layihələrin həyata keçirilməsi birgə əməkdaşlığın gündəliyini daha da genişləndirib və tərəflər sərmayə təşəbbüslərini artırmaq üçün ortaq maliyyə institutunun imkanlarından faydalanmaq niyyətindədir.

Qarşılıqlı mal dövriyyəsinin həcmi artacaq

İki ölkə arasında yaradılmış hökumət komissiyaları, iqtisadi əlaqələndirmə qurumları birgə layihələrin təşviqi, sənayenin müasirləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamaqdadır.

Hazırda aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və digər prioritetlər nəzərdən keçirilir. Strateji plana əsasən, birgə investisiya layihələrinin həyata keçirilməsi üçün yeni maliyyə alətlərindən istifadə nəzərdə tutulur. Bu baxımdan, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvesnsiya” azad ticarətin inkişafı, gömrük rüsumlarının azaldılması, qarşılıqlı mal dövriyyəsinin həcminin artırılması baxımından əhəmiyyət kəsb edir.  Bu sənəd investorların biznes və sərmayə planları ilə bağlı planlarında yeni stimullar yaradacaq, asan və maneəsiz investisya təşviqlərinin gerçəkləşməsini təmin edəcək, ticarət əlaqələrinin daha da genişlənməsinə və şaxələndirilməsinə imkan verəcək. İxrac məhsullarının Qazaxıstan bazarında rəqabət qabiliyyətini artıracaq.

ELBRUS

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr