Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb. Premyer Liqasının XXXII turunun 4 matçı heç-heçə bitib. “Turan Tovuz” – “Şamaxı”, “Səbail” – “Araz-Naxçıvan” və “Sabah” – “Qarabağ” görüşləri 1:1, “Sumqayıt” – “Neftçi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Yalnız “Kəpəz” – “Zirə” oyununda (0:1) qalib müəyyənləşib. Bir turda 4 heç-heçə sonuncu dəfə 2013/2014 mövsümündə qeydə alınıb.
Həftənin TƏMİRİ
ABŞ Prezidenti Donald Tramp öz vəsaiti hesabına Ağ Evin interyerini yeniləyir. Amerika lideri bu barədə “Atlantic” jurnalına müsahibəsində bildirib. “Bəli, mən bunu özüm edirəm. Oraya baxın, yuxarını görürsünüz? Hamısı Mar-a-Laqodandır... Bunların hamısı 24 karatlıq qızıldır. Maraqlıdır ki, insanlar heç vaxt qızıla bənzəyən boya icad etməyiblər”, - Tramp deyib.
Həftənin TƏKLİFİ
Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bu barədə məlumatı Kreml yayıb. Bildirilib ki, Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə Moskva vaxtı ilə 00:00-dan mayın 10-dan 11-nə keçən gecə 00:00-a qədər hərbi əməliyyatları dayandıracaq.
Həftənin SƏRVƏTİ
Türkiyənin məşhur müğənnisi Seda Sayanın sərvəti məlum olub. Müğənninin İstanbul, Bodrum, London və Mayamidə bir çox yerlərdə mülk sahibi olduğu bəlli olub. Belə ki, sənətçi aylıq 500 min TL (22 min manat) kirayə gəliri əldə edir. Onun İstanbulun elit bölgələri Zincirlikuyu və Etilerdə lüks mənzilləri var. S. Sayanın İstanbul sərhədləri daxilində 30 mənzili və mağazası, həmçinin Bodrumda üç villasının olduğu bildirilir.
Həftənin ARZUSU
Dünya futbolunun canlı əfsanəsi Ronaldinyo birlikdə oynamaq arzusunda olduğu futbolçunun adını açıqlayıb. “Həmişə Zinəddin Zidanla qürur duymuşam. Təəssüf ki, onunla heç vaxt eyni komandada oynaya bilmədim. Zidan ideal futbolçu olub. Ona həm də məşqçi kimi böyük hörmətim var”, - braziliyalı ulduz bildirib.
Həftənin GÖRÜŞÜ
Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda Amerika lideri Donald Trampla görüşünü şərh edib. Siyasətçi bu haqda teleqram kanalında bildirib. “Yaxşı görüş oldu. Biz təkbətək çox şey müzakirə edə bildik. Ümumi nəticələr əldə etsək, tarixə keçmə potensialı olan çox simvolik görüşdür. Təşəkkür edirəm, Prezident Donald Tramp!”– Zelenski vurğulayıb.