AZ

“Real” Ferlan Mendinin də zədələndiyini açıqladı

İspaniya nəhəngi “Real”ın 29 yaşlı fransalı sol cinah müdafiəçisi Ferlan Mendinin zədəsinin xüsusiyyəti məlum olub.

Arena.az xatırladır ki, Mendi İspaniya Kral Kubokunun “Barselona” ilə final oyununun (2:3, əsas vaxt 2:2) 11-ci dəqiqəsində zədələnərək, əvəzlənmişdi.

“Real” futbolçusunun zədəsinin xüsusiyyəti barədə klubun rəsmi saytında məlumat verib:

“Real”ın tibb xidməti tərəfindən Ferlan Mendinin müayinə edilməsindən sonra, futbolçumuzda sağ dördbaşlı əzələdə ön düz əzələnin vətərlərinin qopması aşkar edilib. Biz hadislərinin inkişafının intizarındayıq”, – “qaymaqlılar”ın mətbuat xidməti vurğulayıb.

İlkin təxminlərə görə, müvafiq zədə mənzərəsində Mendi üçün mövsümün bitdiyini təxmin etmək olar.

Xatırladaq ki, mart ayında zədələnmiş Mendi meydana yenicə qayıtmışdı.

“Real” “Barselona” ilə oyunda digər müdafiəçisi Antonio Rüdigeri də itirmişdi. Bu azmış kimi, David Alaba da yenidən sıradan çıxıb. Bir sözlə, Madrid klubu müdafiə xəttində ciddi itkilərlə üz-üzə qalıb.

Ferlan Mendi “Real”a 2019-cu ilin iyul ayında 48 milyon avro məbləğ müqabilində Lion “Olimpik”indən tamhüquqlu əsasda keçib.
Fransalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mendi “Real” üçün 31 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

Ferlan Mendinin “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 201 oyun, 6 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı sol cinah müdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr