Fransa bir çox qlobal böhranların öhdəsindən gəlmək üçün ordu da daxil olmaqla ehtiyatlarını dövlət qulluqçuları və kömək etmək istəyən hər kəslə doldurmalıdır.
Herbiand.az bildirir ki, bu fikri Fransanın ictimaiyyətlə əlaqələr, dövlət qulluğu və sadələşdirmə naziri Loran Markanjeli deyib.
“Mən dövlət qulluğu naziri kimi, ilk növbədə 5,7 milyon dövlət qulluqçusuna müraciət etmək, eyni zamanda onlara xatırlatmaq istəyirəm ki, ehtiyatlara qoşulmaq imkanı bütün fransızlar üçün açıqdır, onlara sadəcə deyirəm: ölkəniz üçün qoşulun!” - Loran deyib.
O, xatırladıb ki, həkimlər, hərbçilər, yanğınsöndürənlər və polis zabitləri artıq birinci dərəcəli ehtiyat qüvvələrin bir hissəsidir: “Lakin dəyişən dünyada Fransa ehtiyatda olanların sayını artırmalıdır. Hökumət indi müxtəlif ehtiyatları artırmaq vəzifəsi ilə üzləşib: sanitar, mülki müdafiə və təhlükəsizlik, islah müəssisələrində və s. Hökumət rəqəmsal texnologiyalar və qaydalar vasitəsilə giriş prosesini sadələşdirmək niyyətindədir”.
Fransa prezidenti Emmanuel Makron mart ayında demişdi ki, ölkə hakimiyyəti hərbi xidmətə çağırışı bərpa etməyəcək, çünki onların bunu etmək üçün vəsaitləri yoxdur, lakin gəncləri dövlət qulluğuna cəlb etmək üçün digər proqramları genişləndirə bilərlər.
Bəxtiyar CƏFƏRLİ