AZ

“Tofiq Yaqublunun ölümü hakimiyyətə deyil, Əli Kərimliyə lazımdır!” – Deputatdan sərt sözlər...

"Tofiq Yaqublunun ölümü hakimiyyətə deyil, Əli Kərimliyə lazımdır. Üstəlik, hava, su kimi. Niyə? Çünki bu adam öz marağı, mənafeyi və şəxsi çıxarları üçün həyatının bütün mərhələlərində belə nadanca davranıb, belə ləyaqətsizcə düşünüb, belə riyakarca hərəkətlər edib. Çünki, bu adam öz içində "mənəviyyat”, "kişilik”, "qeyrət” anlayışlarını çoxdan dəfn edib. Çünki bu adam daim, hamını öz məkrli oyunlarının qurbanına çevirməyə çalışıb, hamını güdaza verib, hamını istismar eləməkdən həzz alıb. Həm də manyakcasına!”.

 

Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. 

"Hələ Kərimlinin işlətdiyi ifadəyə baxın: "Tofiq Yaqublu ölümü gözə alar, amma aclıq aksiyasından imtina etməz.”

 

Ay vicdansız! Bu söz bir dostun, bir siyasi həmfikirin deyəcəyi söz deyil axı. Sən ona aclığı dayandırmağı təklif eləməli idin, sən ona dostca davranmalı idin, sən ona ölməyi yox, ölməməyi məsləhət görməli idin. Amma, bir də....qəfil düşünürsən ki, haqqında fikir bildirdiyin adam Əli Kərimlidir. Yəni, kimə deyirsən?! Zatən o, belə şeyləri anlaya, dərk edə bilsəydi, indiki duruma gəlməzdi. Bu cür manqurt, qansız və sifətsiz olmazdı. Sərgilədiyi yaramazlıqları, namərdlikləri hər vəchlə + utanmadan-qızarmadan fədakarlıq və prinsipiallıq nümunəsi kimi təqdim etməzdi...

 

İnsanlığın yox. Ağlın yox. Vicdanın yox. Dostcanlığın yox. Kişiliyin yox. Vətən sevgin yox. Tərbiyən yox. Ürəyin yox.

 

Sən ancaq "yox”lardanmı ibarətsən, bəy?! Sən ancaq pislik üçünmü yarandın, doğuldun, dünyaya gəldin, bəy? Sən bu qədər kəsirlə, qısırla, qüsurla, əskikliklə necə yaşayısan, bəy?” – deyə Partiya sədri fikirlərinə davam edib.

Seçilən
0
ulusum.az

1Mənbələr