Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib. İki ölkə faktiki olaraq müharibə vəziyyətinə yaxınlaşıb.
Hadisədən dərhal sonra Yeni Dehli Pakistana qarşı bir sıra sərt addımlar atıb:
Birincisi, Hindistan bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlüz qapısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb. Qeyd edək ki, bu, 1960-cı ildə imzalanmış Hindistan-Pakistan Su Müqaviləsindən sonra baş verən ilk belə haldır. Müqaviləyə əsasən, siyasi münasibətlərdən asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi təmin edilməli idi. Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi qiymətləndirəcəyini bildirib.
İkincisi, Hindistan Pakistanla sərhəddə artan gərginlik və atışmalar fonunda gəmi əleyhinə raketləri sınaqdan keçirib. Məlumatda bildirilir ki, “atışların məqsədi uzun məsafələrdə dəqiq zərbələr endirmək üçün platforma, sistem və ekipajın hazırlığını nümayiş etdirməkdir.”
Üçüncüsü, Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. Hindistanın Müdafiə Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb. Müqaviləyə əsasən, Hindistan 26 ədəd “Rafale Marine” qırıcı təyyarəsi alacaq.
Turan Rzayev
MİA.AZ