Futbol üzrə Polşa millisinin və “Yuventus”un mərkəz hücumçusu Arkadiuş Milik İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə Turin təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.
Xəbərdə bildirilir ki, 31 yaşlı futbolçu ilə müqavilənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.
Xatırladaq ki, polşalı hücumçu ötən ilin iyununda millinin heyətində dizindən aldığı zədə səbəbindən 2024/2025 mövsümündə bir matça belə çıxmayıb. İki əməliyyat keçirən futbolçu mart ayında əzələ problemləri ilə də üzləşib. Buna baxmayaraq, İtaliya klubu onun müqaviləsinin müddətini daha bir il uzatmaqla hücumçuya dəstək nümayiş etdirib.
Arkadiuş Milik “Yuventus”a 2022-ci ilin yayında Marsel “Olimpik”indən icarə əsasında keçib. Bir il sonra Turin klubu onu 7,3 milyon avroya birdəfəlik transfer etmişdi.
Polşalı hücumçu bu komandanın heyətində 75 oyun keçirib, 17 qol vurub, 2 məhsuldar ötürmə edib.
Polşalı forvard daha öncə Marsel “Olimpik”i (55 oyun, 33 qol, 3 assist), “Napoli” (122 oyun, 48 qol, 5 assist), “Ayaks” (76 oyun, 47 qol, 21 assist), “Qurnik” (40 oyun, 12 qol, 4 assist), “Auqsburq” (20 oyun, 2 qol) və “Bayer” (8 oyun, 2 assist) kimi klubların da formasını geyinib.
Arkadiuş Milik 2012-ci ilin oktyabr ayında debüt etdiyi Polşa millisinin heyətində 73 matça çıxıb. O, bu oyunlarda 17 qola imza atıb, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.