Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda II Liqada mübarizə aparan "Şahdağ Qusar" klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyevin Offsideplus.az saytına müsahibəsi
- II Liqada mövsümün başa çatmasına 4 tur qalıb. Lider "Şahdağ Qusar"ın çempionluq yolunda işləri necə gedir?
- Komandamızda hər şey yaxşıdır, işlər qaydasındadır. I Liqaya vəsiqəni bi neçə tur öncə qazanmışıq. Buna baxmayaraq, II Liqada mövsümü çempion qismində bitirmək istəyirik. Qarşıdakı turda ən vacib oyunumuzu "Şəfa"ya qarşı keçirəcəyik. Qalib gələcəyimiz təqdirdə, qızıl medalların taleyini demək olar, 90% həll etmiş olacağıq. Bizi çətin səfər qarşılaşması gözləyir. "Şəfa" yaxşı komandadır. İnanıram ki, oyunda istədiyimiz nəticəyə nail ola biləcəyik.
- Növbəti sual elə "Şəfa" ilə bağlıdır. "Şəfa"nın rəhbərliyi "Şahdağ Qusar"la oyun üçün biletlərin qiymətini 10 manat dəyərləndirib. Qarşı tərəfdən belə qərar gözləyirdinizmi?
- Açığı, stadiona girişin pullu olacağını gözləyirdim. Çünki "Şəfa" bizim qonağımız olanda, giriş biletlə idi. Bu mövsüm "Şahdağ Qusar"ın ev oyunlarında "Şəfa"dan başqa səhv etmirəmsə, "Hypers Guba" ilə görüşdə stadiona giriş pulla olub. Fikirləşirdim ki, "Şəfa" ilə matça biletlərin qiyməti 2-3 manat olacaq. Ancaq II Liqada 10 manata biletin satılması Azərbaycan reallığında çox bahadır. İstənilən halda, bu, "Şəfa" rəhbərliyinin qərarıdır. Bizim işimiz meydançaya çıxıb futbol oynamaqdır.
- Bu addım vacib qarşılaşma ərəfəsində "Şahdağ Qusar"a psixoloji təzyiq göstərmək, rəqibin daha az azarkeş dəstəyinə malik olması məqsədi ilə atılıb. Sizcə, "Şəfa" sizə psixoloji təzyiq göstərə biləcəkmi?
- Bunun oyunumuza heç bir təsiri ola bilməz. Biletlər nə qədər baha olsa da, azarkeşlərimiz stadiona gələcəklər. Əlbəttə, azarkeş dəstəyi vacibdir. Tribunalarda nə qədər çox fanatlarımız olarsa, motivasiyamız da bir o qədər yüksək olacaq. Azarkeşlərimiz bizi bu mövsüm tək qoymayıblar. Düzdür çemponatın matçlarını doğma Qusarda yox, Şamaxıda keçiririk. Bununla belə, azarkeşlər hər turda bizə dəstək göstərirlər.
- Bəs karyeranızla bağlı nə qərar vermisiniz? Bu il 36 yaşınız tamam olacaq. Gələn mövsüm oynamağı planlaşdırırsınızmı?
- Hələ tam qərar verməmişəm. Çempionatın başa çatmasını gözləyirəm. Qısa deyim ki, karyeramı davam etdirmək istəyirəm. Ancaq hər şey çempionatı hansı durumda başa vuracağımdan, özümü necə hiss edəcəyimdən asılı olacaq.
- II Liqada fərqli olaraq, I Liqanın səviyyəsi çox yüksəkdir. Bu mübarizə, rəqabət üçün özünüzü fiziki cəhətdən hazır sayırsınızmı?
- Təbii ki, I Liqada oynamaq çətin olacaq. Komandalar güclüdür, rəqabət tam fərqlidir. Amma mən özümü buna hazır sayıram. Əminəm ki, I Liqada oynaya bilərəm.