AZ

Pezeçkianın Bakı səfəri nə ilə yadda qaldı?



İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu Pezeşkianın prezident seçildikdən sonra ölkəmizə ilk səfəridir. Səfərin əsas məqsədi 2 ölkə arasında münasibətləri normallaşdırmaq və regional əməkdaşlığın qurulmasına nail olmaqdır. İran siyasətinin mühafizəkar qanadı bu ölkənin Azərbaycanla yaxınlaşmasından ciddi şəkildə narahatdır. Bir müddətdir ki, onların təsiri altında olan dini - siyasi və hərbi dairələrindən Bakının ünvanına xoş olmayan bəyanatlar səsləndirilir. 44 günlük müharibədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyində aparıcı rola malik olması və Çinlə son dövrlər baş tutan yaxınlaşma siyasəti İranın Azərbaycana marağının ciddi şəkildə artmasına səbəb olur. Tehranı Bakı ilə əməkdaşlığa həvəsləndirən daha bir məsələ isə Azərbaycanın İsraillə dost münasibətlərinə malik olmasıdır. Pezeşkian hökuməti İrana ABŞ və İsrail tərəfindən olası hücumun qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etmək istəyir. Azərbaycan İsrail və Türkiyə arasında vasitəçilik edərək 2 dövlət arasında pozulan münasibətləri nizama salmışdı. Eyni vasitəçilik İran və İsrailin arasında da baş tuta bilər. Həmçinin, rəsmi Bakının Suriyanın yeni rəhbərliyi ilə yaxın münasibətlərə malik olması, Rusiya kəşfiyyatının rəhbərinin suriyalı həmkarı ilə məhz Bakıda görüşməsi İranın diqqətindən yayına bilməz. Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra İranın Suriya ilə münasibətlərində ciddi problem yaranıb. Hazırda Dəməşq və Tehranın münasibətlərinin normallaşdırılmasında da Bakı vasitəçilik üçün ən uğurlu variantıdır. Bütün bu amillərə görə, Pezeşkian hökumətinin başlatdığı yeni xarici siyasət kursunda əsas açar dövləti məhz Azərbaycandır. Səfər zamanı həmçinin ikitərəfli və regional sahədə əməkdaşlığın davam etdirilməsi barədə də müzakirələr aparılıb. Keçən il bu ölkənin prezidenti İbrahim Rəisi Bakıya səfər etmiş və 2 ölkənin əməkdaşlığını sürətləndirəcək mühüm sənədlər imzalanmışdı. Rəisinin helikopter qəzasında həlak olmasından sonra əldə edilən razılaşmaların gələcəyi ilə bağlı ciddi suallar yaranmışdı. Pezeşkian hökuməti Azərbaycanla müxtəlif məsələlərdə, xüsusilə nəqliyyat - kommunikasiya sahəsində əməkdaşlıqda maraqlıdır. Hazırda Çin - Avropa iqtisadi əlaqələri sürətli inkişaf edir. İranda bu prosesdən kənarda qalmaq istəmir. Həmçinin Xəzərətrafı enerji layihələrində birgə əməkdaşlıq, regionda ümumi təhlükəsizliyin əldə edilməsi ilə bağlı məsələlərdə Pezeşkianın Bakıya səfərinin əsas müzakirə edilən mövzularındandır.

Zeynal Əmrəliyev, politoloq
Seçilən
0
newscenter.az

1Mənbələr