AZ

ABŞ-dan Hindistan və Pakistana çağırış

BAKI, TurkicWorld

ABŞ Hindistan və Pakistanı əməkdaşlığa çağırıb - terror hücumu gərginliyi artırıb.

TurkicWorld xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio həm Pakistanın baş naziri Şahbaz Şərif, həm də Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə telefon danışığı apararaq əməkdaşlığa çağırış edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryusun verdiyi məlumata görə, telefon danışıqlarında əsas mövzu aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsinin Pahalqam rayonunda baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror hücumu olub. Katib Rubio bu hadisəni qətiyyətlə pisləyib və Pakistanı hücumla bağlı araşdırmalarda əməkdaşlığa səsləyib. Həmçinin o, hindistanlı həmkarı ilə danışığında ABŞ-ın Hindistanla terrorla mübarizədə əməkdaşlığa sadiqliyini vurğulayıb.

Bəyanatda qeyd olunub ki, Vaşinqton iki ölkə arasında gərginliyi azaltmaq və birbaşa dialoqu bərpa etmək üçün diplomatik səylərin artırılmasını dəstəkləyir.

Qeyd edək ki, Hindistan hücuma görə Pakistanı ittiham edərək, “Hind Suları Müqaviləsi”ni dayandırıb, Pakistan vətəndaşlarına viza verilməsini ləğv edib və Pakistanlı diplomatlara ölkəni tərk etmək göstərişi verib. Rəsmi İslamabad isə bu iddiaları rədd edərək Hindistanla bütün ticarət əlaqələrini dayandırıb və hava məkanını bağlayıb.

Seçilən
0
27
turkic.world

10Mənbələr