AZ

Güzəştli iptekadan ən çox kimlər yararlanır? - Siyahıda cəmi 5 jurnalist var

Öz evinin açarını cibinə qoymaq həyatda insan üçün ən böyük arzulardan biridir. Bu arzuya çatmağ aparan yollarından biri də ipoteka kreditidir. Amma bu yolda hamının şansı eyni deyil. Dövlət cəmiyyətin müəyyən təbəqələrinə - məsələn, müəllimlərə, hərbçilərə, gənc ailələrə xüsusi güzəştlər təqdim edərək onların ev sahibi olmaq imkanını asanlaşdırır.

Gələn il Azərbaycanda ipoteka kreditləşməsinin 20 ili tamam olacaq.

İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 2006-cı ildən indiyə qədər Fondun vəsaiti hesabına 3,4 milyard manatdan çox ipoteka krediti verilib ki, onun da 988,5 milyon manatı güzəştli ipoteka kreditləridir. Verilmiş kreditlər hesabına 53 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ var:

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

- şəhidin övladları;

- Vətən Müharibəsi Qəhrəmanının övladları;

- Milli Qəhrəmanın övladları;

- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;

- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

- Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

- Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;

- Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

- şəhid ailəsinin üzvü (əri/arvadı).

- Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).

- Milli Qəhrəman (özü, əri/arvadı).


Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

Güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ 100 000 manat təşkil edir. Kreditin verilmə müddəti maksimum 30 ildir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan minimal ilkin ödəniş məbləğin 10 faizindən az olmamalıdır. İllik faiz dərəcəsi zəmanət verilməmiş kreditlər üzrə 4 faiz, zəmanət verilmiş kreditlər üzrə isə 3,7 faiz səviyyəsində müəyyən olunub.

Bu şərtlərdən imtiyazlı kateqoriyadan olan neçə nəfər faydalanıb?


Hərbi qulluqçular
 

İpoteka və Kredit Zəmanət Fondundan Modern.az-a verilən məlumata görə güzəştli ipoteka kreditlərinin yarıdan çoxunu hərbçilər alıb. İndiyədək 8726 hərbi qulluqçu bu imkandan yararlanıb ki, onlar güzəştli şərtlərlə ipoteka krediti alanlarına 51,7  faizini təşkil edir. Bu hərbi qulluqçuların maaşları sabitdir və dövlət onları bir çox sosial təminatla dəstəklənməsi ilə bağlıdır.
 

Dövlət qulluqçuları
 

İkinci yerdə dövlət qulluqçuları gəlir. Onlar 2843 ipoteka krediti almaqla 16,9 faiz paya malikdir. Banklar onları etibarlı müştərilər kimi qəbul edir, çünki onların gəlirləri sabitdir.
 

Daxili işlər orqanlarında (DİO) xüsusi rütbəli şəxslər
 

DİO-da xüsusi rütbəli şəxslər güzəştli ipoteka kreditini alanların 10,4 faizini təşkil edir. Bu qrupun krediti alma ehtimalı yüksəkdir, çünki onlar sabit gəlirə malikdirlər.
 

Müəllimlər
 

Müəllimlər 9,9 faizlə ipoteka krediti alanlar arasında 4-cü yerdədir. İndiyədək 1669 nəfər bu imkandan yararlanıb. Müəllimlər sabit əmək haqqına malik olsalar da, ümumilikdə gəlirləri digər sahələrdən daha aşağıdır. Bu imkandan daha çox diaqnostik qiymətləndirmədən keçən müəllimlər faydalana bilir.
 

Məcburi köçkünlər
 

Məcburi köçkünlər güzəştli  ipoteka kreditini alanların 6,9 faizini təşkil edir. Məcburi köçkünlər sosial dəstək proqramlarından faydalansalar da, ipoteka kreditinə müraciət edənlər azdır. Cəmi 1163 nəfər.


Elmlər doktorları və namizədlər
 

Elmlər doktorları və namizədləri güzəştli ipoteka kreditini alanların cəmi 2,6 faizini təşkil edir, yəni 436 nəfər. Bu kateqoriyadan olanlar yüksək təhsil və peşəkar bacarıqlara malik olsalar da, gəlirləri bəzi hallarda kredit götürməyə yetərli olmur.
 

İdmançılar
 

Cəmi 173 idmançı güzəştli ipoteka krediti alıb. Bu 1 faizdən bir qədər artıqdır.
 

Şəhid ailələri və Milli qəhrəmanlar
 

İndiyədək 77 şəhid ailəsinin üzvünə, Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı kateqoriyası üzrə isə 11 nəfərə güzəştli şərtlərlə ipoteka krediti verilib. Bu da müvafiq olaraq 0,46 faiz və 0,07 faiz təşkil edir.
 

Jurnalistlər
 

İndiyədək cəmi 5 jurnalist güzəştli ipoteka krediti alıb. Bu da güzəştli kateqoriya üzə müraciət edənlərin 0,03 faizini təşkil edir. Jurnalistlərin gəlirləri qeyri-sabit olduğundan onlar ipoteka krediti almaqda ən çətin qruplardan sayılır.
 

Müşahidələr göstərir ki, güzəştli ipoteka kreditlərinə maraq ildən-ilə artır. Xüsusilə yeni yaşayış komplekslərinin istifadəyə verilməsi daha çox ailənin mənzil təminatını yaxşılaşdırır.

Amma bəzi sahələr üzrə güzəşt şərtlərinin yüngülləşdirilməsi və zəmanət mexanizmlərinin yaradılması bu aktivliyi artıra bilər.

Güzəştli ipoteka kreditlərindən yararlananların sayını artırmaq üçün həm struktur islahatları, həm də maarifləndirmə və texniki dəstəklər həyata keçirilməlidir. Xarici ölkələrdə bu təcrübədən istifadə edilir.

Gəliri nisbətən az, amma sabit əmək haqqı alan şəxslər üçün əlavə subsidiya və ya zəmanət mexanizmləri tətbiq edilə bilər.

Bankların tələb etdiyi minimum aylıq gəlir meyarları bir qədər yüngülləşdirilə və ya daha çevik ola bilər.

10 faizlik ilkin ödənişi ödəməkdə çətinlik çəkənlər üçün dövlət və ya fond tərəfindən birbaşa dəstək və ya təxirə salınmış ilkin ödəniş modelləri tətbiq edilə bilər.

“Sıfır ilkin ödəniş” modeli xüsusi layihələr üçün test edilə bilər (məsələn, regionlarda yaşayan müəllimlər üçün pilot layihə şəklində).

Bu sahələr üzrə əlavə təhlükəsizlik mexanizmləri, məsələn, gəlirin qeyri-sabitliyini kompensasiya edən dövlət zəmanəti təqdim edilə bilər. Media təşkilatları, idman federasiyaları və elmi idarələr bu prosesə cəlb oluana bilər

Bakıda ipoteka almaq çətin və baha olduğu üçün regionlara xüsusi ipoteka paketləri təqdim edilə bilər (aşağı faiz, daha yüksək məbləğ, vergi güzəştləri və s.).

Ali təhsili yeni bitirmiş, lakin işə yeni başlayan şəxslər üçün “Gənclər ipotekası” adlı xüsusi proqram yaradıla bilər (ilk 2 il faizsiz, sonra güzəştli və s.).

Dövlət banklara əlavə zəmanətlər və ya güzəştli şərtlərlə likvidlik təklifi versə, onlar daha rahat kredit verməyə maraqlı olar.  Eyni zamanda, faiz subsidiyaları və vergi güzəştləri banklar üçün riskləri azaldar və müştəri portfelini genişləndirər.

Seçilən
2
modern.az

1Mənbələr