"Hindistanla Pakistan arasında, lokal hərbi toqquşmalar mümkündür və bu cür insidentlər zaman-zaman baş verir."
Politoloq Əhməd Şahidov bu sözləri News365.az-a deyib.
"Ötən gün ərzində, xüsusilə gecə saatlarında sərhəd bölgəsində qarşılıqlı atışmalar qeydə alınıb və hər iki tərəfdən itkilərin olduğu bildirilir. Lakin bu vəziyyəti hələlik genişmiqyaslı müharibə kimi qiymətləndirmək olmaz. Şəxsən inanmıram və ümid edirəm ki, bu gərginlik böyük müharibəyə çevrilməyəcək. Eyni zamanda, tərəflər arasında nüvə müharibəsinin baş verməsi ehtimalı da real görünmür.
Bununla belə, lokal hərbi toqquşmalar mümkündür və bu cür insidentlər zaman-zaman baş verir. Hazırda bu tip toqquşmalar yenidən gündəmdədir. Məlumatlara görə, Hindistan yaxın saatlarda Pakistana, xüsusilə sərhəd bölgəsində yerləşən əsas hərbi mövqelərə hücum etməyi planlaşdırır. Hədəf olaraq bəzi strateji yüksəkliklərin nəzarətə götürülməsi istisna edilmir. Təbii ki, Pakistan da buna qarşılıq verəcək.
Bu qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilməməsi üçün beynəlxalq ictimaiyyət fəal şəkildə çağırışlar edir. Artıq Çin, ABŞ və Rusiya tərəfindən rəsmi reaksiyalar verilib. BMT Təhlükəsizlik Şurası bu məsələdə tam effektiv görünməsə də, tərəfləri dialoqa çağırır. Eyni zamanda ABŞ və Böyük Britaniya hər iki tərəfə kəşfiyyat məlumatları ilə dəstək göstərərək nüvə başlıqlarından istifadənin qəbuledilməz olduğunu bildirirlər.
Bu münaqişənin nəticələri təkcə Cənubi Asiya üçün deyil, bütün dünya üçün siyasi, demoqrafik və ekoloji baxımdan ciddi fəsadlara yol aça bilər."