Rusiya donanmasının “Maqadan” dizel-elektrik sualtı qayığı uzun bir səyahətdən və verilən tapşırıqları yerinə yetirdikdən sonra Vladivostoka qayıdıb.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sakit Okean donanmasının komandiri, admiral Viktor Liina sualtı qayıq komandiri 2-ci dərəcəli kapitan Dmitri Kulikovdan verilən tapşırığı uğurla yerinə yetirməsi barədə raport alıb və dənizçiləri öz bazalarına gəlişləri münasibətilə təbrik edib. Ənənəyə görə, heyətə qızardılmış donuz hədiyyə edilib.
Nazirliyin məlumatına görə, “Maqadan” sualtı qayığı 2024-cü ilin dekabrında bazasını tərk edib. Sualtı qayıq bu müddət ərzində 3 min dəniz milindən çox məsafə qət edib. Qısa istirahətdən sonra sualtı qayığın ekipajı Sakit Okean donanması üçün döyüş hazırlığı tapşırıqlarının planlı icrasına başlayacaq.
“Maqadan” - düşmənin sualtı qayıqları və yerüstü gəmiləri ilə mübarizə, habelə dəniz bazalarının, dəniz və sahil rabitəsinin müdafiəsi üçün hazırlanıb. Uzunluğu 73, eni 10 metr, əməliyyat dərinliyi 240, maksimum 300 metrdir. Ekipaj 52 nəfərdir. Silahlanmaya altı 533 mm-lik torpedo borusu, minalar və “Kalibr” qanadlı raketləri daxildir.
Bəxtiyar CƏFƏRLİ