AZ

İspaniya və Portuqaliyada elektrik kəsintisi 3 sualda 

Yazını böyüt
Yazını kiçilt

Pireney yarımadasının iki ölkəsində - İspaniya və Portuqaliyada həyatı dayandıran, Fransanın Bask bölgəsini qismən təsir edən elektrik enerjisinin kəsilməsi dünyanın marağına səbəb olub.

Hafta.az-ın yazdığına görə, həmin vaxt təyyarə və qatarların hərəkəti dayandırılıb, kredit kartı oxuyucuları nasaz olub, bankomat və supermarketlərdə növbələr yaranıb.

İspaniyanın elektrik şəbəkəsi operatoru Red Electrica-nın keçmiş sədri Xorxe Fabra, "Mən 40 ildən artıqdır ki, sənayedəyəm və heç vaxt belə bir şey görməmişəm" deyib.

“Bu gün (dünən – red.) səhər saatlarında bildirilib ki, dünəndən bəri davam edən elektrik enerjisi ilə bağlı fasilələr aradan qaldırılıb. Lakin Qərbi Avropadakı iki ölkənin saatlarla qaranlıqda qalmasının səbəbi hələ də açıqlanmayıb”, - deyə İspaniyanın baş naziri Pedro Sançes bildirib.

Nə baş verib?

Xatırladaq ki, Kanar adaları istisna olmaqla, İspaniya vaxtı ilə saat 12.33-də və Portuqaliya vaxtı ilə saat 11.33-də böyük elektrik kəsilməsi başlayıb.

Şəbəkədə enerji axınında çox güclü dalğalanmalar aşkarlanıb.

15 GW enerji istehsalının 5 saniyə dayanmasına diqqət çəkən İspaniya qəzeti “El Pais”, ölkənin 5 atom elektrik stansiyasının ümumi istehsal gücünün 7,4 GVt olduğunu xatırladır.

"Elektrik şirkəti dünən saat 12.33-də bildirdi ki, 5 saniyə ərzində 15 gigavatlıq hasilat birdən-birə sistemdən itib. Bu, əvvəllər heç vaxt olmamış bir şeydir. Sizə bir fikir vermək üçün, 15 gigavat o an ölkənin ehtiyacının təxminən 60 faizini təşkil edirdi", - İspaniyanın baş naziri Sançes bildirib.

Səbəbi hələ də məlum olmayan bu dalğalanmadan sonra İspaniya şəbəkəsinin Avropa şəbəkəsi ilə əlaqəsi kəsilib.

Portuqaliyanın baş naziri Luiş Monteneqro problemin İspaniyadan qaynaqlandığını bəyan edib.

“Reuters” Portuqaliyanın elektrik şirkəti REN-ə istinadən xəbər verir ki, "nadir atmosfer hadisəsi" İspaniyanın daxili hissəsində temperaturun qeyri-sabitliyinə səbəb olub.

Bildirilir ki, qəfil temperatur dəyişiklikləri yüksək gərginlikli elektrik xətlərinə dəyib və “atmosfer vibrasiyasına” səbəb olub. O da bildirilib ki, bunun nəticəsində elektrik şəbəkələrində sinxronizasiya pozulub.

Lakin sonradan REN bu xəbəri təkzib edib.

Bu qəsdən ola bilər?

Əndəlus Muxtar Hökumətinin sədri Xuan Manuel Morenonun səlahiyyətlilərlə əlində olan məlumatları dəqiqləşdirmədən “Belə bir fasilənin yeganə səbəbi kiberhücum ola bilər” açıqlaması gözlərin Avropada digər təxribatlarda da günahlandırılan Rusiyaya çevrilməsinə səbəb olub.

2015-2014-cü illərdə Portuqaliyanın Baş naziri olmuş Avropa Şurasının sədri Antonio Kosta, "Kiberhücuma dair heç bir dəlil yoxdur" deyərkən, hadisənin bütün səbəblərinin dəqiq müəyyən edilmədiyini vurğulayıb.

Portuqaliyanın hazırkı baş naziri Luiş Monteneqro qəti səbəblər söyləmək üçün hələ tez olduğunu söyləyib.

İspaniya Milli Təhlükəsizlik Şurası bu böhranı müzakirə etmək üçün təcili toplanıb. Lakin ispan siyasətçilər “biz spekulyasiya etmək istəmirik” deyirlər.

London Kral Kollecindən Lukasz Olejnik elektrik şəbəkələrinə kiberhücumların həm nəzəri, həm də praktiki olaraq mümkün olduğunu deyir və əlavə edir: “Belə böyük, sinxron hücumu koordinasiya etmək son dərəcə çətindir”.

Oleynik analoji hücumların yalnız 2015 və 2016-cı illərdə Ukraynada uğurlu olduğunu və Rusiyanın bunları həyata keçirdiyinə diqqət çəkir: “Bildirilən digər hallar sadəcə şayiələr və ya uğursuz cəhdlər idi”.

Əvvəllər belə hadisə olub?

2003-cü ildə İsveçrə və İtaliyanı birləşdirən elektrik xəttində yaranan problem İtaliyada təxminən 12 saat davam edən elektrik kəsilməsi yaratmış, 50 milyondan çox insan demək olar ki, bütün gün qaranlıqda qalmışdı.

2006-cı ildə Almaniyada baş verən problem təkcə ölkədəki 10 milyon insanı deyil, Portuqaliya və Mərakeşi də əhatə edib.

Elektrik şirkətlərini proqram təminatı ilə təmin edən “Neara” şirkətinin meneceri Tako Engelaar iddia edir ki, ölkələr arasında enerji əlaqələri xüsusilə "təmiz enerji"nin paylaşılması baxımından çox vacibdir, lakin bu, həm də problemlərin yayılmasına səbəb olur.

Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinin əməkdaşı Georg Zaçmann iddia edir ki, ölkələrin bir-birinə bağlı olması həm də problemlərin tez həllini təmin edir: “Bəli, problemlər başqa yerlərə sıçrayır, lakin daha böyük sistemlər bufer rolunu oynayır və böhranın böyüməsinin qarşısını alır”.

Seçilən
1
hafta.az

1Mənbələr