AZ

Fotolarda qalan adam

Strategiya planının icrasından xəbər gözlədiyimiz ərəfələrdə AFFA-nın baş katibi Cahangir Fərəcullayevin silsilə görüşləri ilə yadda qalan həftələri beləcə yola saldıq. Futbol idarəçiliyindəki yenilənmənin ardından canlanmanın yaranacağı gözləyirdik ki, sükut, susqunluq onun yerini əvəz etmiş oldu.

Futbol cameəsi yeni rəhbərlikdən uğurlu addım, ilkin həmlələr gözləyir. Lakin indiki qurum başbilənləri AFFA-nın köhnə rəhbərliyinin yarımçıq missiyasını başa vurmaq istəyirmiş kimi görüntü yaradırlar.

Fərəcullayevin problemləri sadalaması nə qədər xoş səslənsə də, onun icrasına başlanmaması deyilənlərin kağız üzərində qalacağına dəlalət edir. Baş katib gözəl anlayır ki, bu işlər yalnız danışmaqla düzəlməyəcək. Son 30 il ərzində elə bu yolla – təkcə danışaraq Azərbaycan futbolu bu vəziyyətə düşüb. Fərqli adlarla, eyni məzmunla… İndi isə daha ciddi və praktik yanaşmalara ehtiyac var. Məhz bu baxımdan Fərəcullayev və ətrafındakılar başa düşməlidirlər ki, hansısa səfirliklərlə baş tutan görüşlər, görüntü naminə heç bir faydası olmayacağı daha öncədən bəlli olan  tədbirlər ölkə futbolunun real problemlərini həll etməyəcək. Aktual problemlərin çözümü üçün çalışmaq, müəyyən həmlələr etmək lazımdı. Mürəkkəb situasiyaları müsbətə dəyişmək zamanıdı. Hansısa səfirlə görüş mövcud çatışmazlıqları aradan qaldırmaq üçün əsas səbəb deyil və ola da bilməz.

Axı siz AFFA-da səfir rolunu oynamırsız… Sizin öz öhdəlikləriniz və bu öhdəliklərdən doğan mütləq yerinə yetirməli olduğunuz işlər var. Fotolarda qalmaqdansa, real işlərin başında dayanmağınız məntiqə uyğun olmazmı?

Bir daha qeyd edirik, “çalışırıq” görüntüsü vermək məqsədi güdən görüşlər əksər hallara real nəticə vermir. Bu, təkrarçılığdı və böyük bir yanlışdı. Futbol ictimaiyyəti “poz verib görüş keçirmək” dövrünün artıq başa çatdığını görmək istəyir. Müəyyən dərəcədə faydalı iş görmək üçün geridə qalan aylar da yetərli idi. Lakin biz bunun əksinə şahidlik etmiş olduq. Bununla da, nəticəsiz görüşlərlə yadda qalan həftələri daha bir fürsətin əldən verilməsi kimi qələmə vermək olar.

Səxavət Qurbanov

Seçilən
2
idmanxeber.az

1Mənbələr