"FINCA Azərbaycan" bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
“Yeni Sabah"ın məlumatına görə, BOKT ili 2,74 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilə nisbətən 28% və ya 1,08 mln. manat azalma deməkdir. Halbuki, 2023-cü ildə "FINCA Azərbaycan"ın xalis mənfəəti 3,82 milyon manat təşkil edib.
Hesabat dövründə “FINCA Azərbaycan”ın faiz gəlirləri 11,3% artaraq 19,7 milyon manata çatıb. 2023-cü ildə bu rəqəm 17,7 milyon manat idi.
BOKT-nin faiz gəlirləri ilə yanaşı, həm faiz, həm də qeyri-faiz xərclərində artım müşahidə edilib.
Belə ki, BOKT-nin faiz xərcləri 2023-cü ildə 4,1 milyon manat olduğu halda, 2024-cü ildə 5,2 milyon manata yüksəlib. Qeyri-faiz xərcləri isə 11,3 milyon manatdan 13,17 milyon manata kimi artıb. Yəni, gəlirlərə nisbətdə ümumi xərclər daha çox artıb. Bu isə BOKT-nin əməliyyat mənfəətini 1 milyon manata yaxın azaldıb. Əməliyyat mənfəəti 2,28 milyon manatdan 1,32 milyon manata enib.
Xüsusi ehtiyatlara ayırmalar 2023-cü ilə nisbətən 23% azalsa da, 2 milyon manatdan yuxarı olub. Mikromaliyyə təşkilatı bu dövrdə həmçinin 800 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, "Finca Azerbaijan" 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Mikromaliyyə təşkilatı Niderland şirkəti olan FINCA Microfinance Coöperatief U.A.-nın törəmə müəssisəsidir.
Telegram kanalımız