AZ

Sarıcalı sakini: "Ağdama qayıdış sıradan bir hadisə deyil"

"Sevincimizin həddi-hüdudu yoxdur. Nəhayət, uzun illər sonra arzularımız çin olur, doğma Ağdamımıza qayıdırıq".
 
Bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Rövşən Elnur oğlu Əliyev deyib.
 
O qeyd edib ki, köçkünlük həyatı yaşadığı illər ərzində dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunub:
 
"Çox ağrılı-acılı günlər yaşadıq. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Demək olar ki, torpaqlarımız azad edilən günə qədər də Ağdamın hər qarış torpağı şəhid qanı ilə yoğrulub. Ona görə Ağdama qayıdış sıradan bir hadisə deyil.
 
Köçkünlük həyatında dövlətimiz bizə diqqət və qayğı göstərib. Ağır şəraitdə yaşadığımız üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində evlə təmin olunmuşuq. Bu gün isə köçkünlük həyatı ilə vidalaşıb, vətənimizə qovuşuruq.
 
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
 
Xatırladaq ki, bu gün növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə yola salınır. Bu mərhələdə daha 35 ailə (158 nəfər) öz doğma yurduna köçürülür.
 
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Seçilən
6
moderator.az

1Mənbələr