İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan davamlı şəkildə sülhə can atır və bununla bağlı çoxsaylı təşəbbüslər irəli sürür. Lakin xarici qüvvələr sülhün əldə olunmasına mane olur. Fransa kimi ölkələrin fəaliyyəti bunun təsdqidir. Təcrübə göstərir ki, xarici qüvvələrin müdaxiləsi olmadan, yalnız Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli danışıqlar regionda real və uzunmüddətli sülhə gətirib çıxara bilər.
İndilikdə isə Ermənistana silah verilməsi ölkədə revanşist əhvali-ruhiyyənin qızışdırılmasına xidmət edir. Davamlı sülhə nail olmaq üçün Fransa, Hindistan və digər dövlətlərdən Ermənistana hərbi dəstəyi dayandırmaq lazım olduğunu Azərbaycan dəfələrlə bəyan edib. Amma İrəvan hələ ki kənar qüvvələrin diqtəsilə hərəkət edir. Elə bu fonda Azərbaycan Ermənistan sərhəddində gərginlik qalmaqdadır. Ordumuzun mövqelərinin atəşə tutulması halları artır. Bununla yanaşı, Ermənistanda revanşist qüvvələr yeni-yeni təxribatçı bəyanat və populist çıxışları ilə gündəmə gəlməkdə davam edirlər. Xatırladaq ki, Ermənistanda güclənən revanşizm və hədələyici bəyanatları Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında səsləndirdiyi fikirlərlə bir daha təsdiq edib. Həmin tədbirdə prezident Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər söyləyib, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır: “Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır”. Azərbaycanın bu məsələdə heç də sadəcə xəbərdarlıq mövqeyindən çıxış etmədiyini Ermənistanda da etiraf edirlər.
Məsələ ilə bağlı Ermənistanın “168.am” nəşri yazır ki, İrəvan Azərbaycanın yanaşmasına ciddi yanaşmalıdır. Bu, xüsusən də Nikol Paşinyana aiddir: “7 ildir ölkənin başında duran Nikol Paşinyan Ermənistan Vətəndaş Günü ilə bağlı verdiyi mesajda mahiyyətcə psixoloji olaraq 2018-ci ilin “məxməri inqilabı”nın yollarında “qalıb” və ölkənin sahibinin onu hakimiyyətə gətirən vətəndaş olduğunu deyərək, aldatmaqda davam edir. Paşinyan paylaşımında əsas məqamı vurğulayır: “İnqilabdan əvvəl dövlət vətəndaşın sahibi idi, inqilabdan sonra vətəndaş dövlətin sahibidir”. Bu, təhlükəli düsturdur, Ermənistan sakinləri bunun dağıdıcı nəticələrini görüblər, görürlər və belə davam edərsə, görəcəklər. Paşinyan bu fikri başqa məntiqə yerləşdirir, lakin bu, çoxdan yox idi, bəlkə də heç olmayıb. Başqa sözlə, “qürurlu vətəndaş”ın daxili və xarici siyasət qərarlarında heç bir rolu olmayıb və yoxdur. Paşinyan hakimiyyəti sosial-iqtisadi, hərbi, daxili və xarici təhlükəsizliyin təmin edilməsi baxımından özünü həmin vətəndaşın ağası kimi hiss edir, amma heç vaxt ağa olmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Paşinyandan tələb edib ki, onların bayraqlarının yandırılmasını cinayət hesab etsin və bunun qarşısını almaq üçün ciddi tədbirlər görsün. Azərbaycan Paşinyandan tələb edir ki, bu cür hərəkətləri və ideologiyanı nəinki şifahi şəkildə pisləsin, həm də aydın, sistemli addımlar atsın. Unutmayaq ki, Bakı Paşinyana xəbərdarlıq edib ki, Ermənistandakı revanşizmi məhv etməsə, özləri bunu edəcəklər. İndi də bu tələbin sülh sazişinin imzalanması və münasibətlərin normallaşması üçün ilkin şərt olmasına cəhd edilir”. Ekspertlər qeyd edir ki, 44 günlük müharibədə ordusu məhv olunan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çabalayan Ermənistanın bu cür revanşist fikirlər səsləndirməsi sadəcə gülünc doğurur. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. İstər iqtisadi baxımdan, istər informasiya müharibəsi baxımından, istərsə də beynəlxaq dəstək baxımından çarəsiz duruma düşdülər. Ermənistan nə qədər çalışsa da öz işğalçılıq siyasətinə beynəlxalq dəstək qazana bilmədi, heç bir güc Azərbaycanı haqlı davasından çəkindirə bilmədi, bir çox ölkələr isə Azərbaycanın haqlı mövqeyini dəstəklədi. İndi də Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirir, hərbi qüdrətini daha da gücləndirir, ordunun peşəkarlığını daha da artırır. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xülyadır və onların sonu ola bilər.
Nahid SALAYEV