AZ

“Barselona”nın 6 oyunçusu məşqə gecikdi, Flik narazı qaldı

Məlumdur ki, “Barselona”nın alman baş məşqçisi Hansi Flik sərt nizam-intizamı və günün nizam qaydasını gözləməsi ilə səciyyəvidir.

Arena.az “El Chiringuito” dərgisinə istinadən məlumat verir ki, Hansi Flikin müvafiq tələbləri bu gün pozulub.

Belə ki, “Barselona”nın altı oyunçusu – Lamin Yamal, Fermin Lopes, Qavi, Ansu Fati, İnyiqo Martines və Ronald Arauxo məşqə gecikiblər.

Bildirilir ki, Flik bu məqamdan narazı qalıb, üz-gözünü turşudaraq, gecikmiş oyunçuların məşqdə olan dəstəyə qoşulmaq məqsədilə necə “süründüklərini” qeyzlə sakitcə izləyib. Bu məqam videogörüntüyə də düşüb.

Əlavə edək ki, məşq Çempionlar Liqasının yarımfinal mərhələsinin evdə “İnter”lə ilk oyununa hazırlıq məqsədli olub. Flikin məşqə gecikmiş oyunçularına hansı qulaqburmanı verəcəyini təxmin etmək çətindir. Belə ki, oyunçular bir neçə dəqiqə gecikiblər.

Vurğulayaq ki, Flik cari mövsümdə dəfələrlə iclaslara və məşqlərə gecikmiş oyunçularını ibrət məqsədilə cəzalandırıb. Flikin “çubuğuna” daha çox “blauqrana”nın fransalı müdafiəçisi Jül Kunde keçib.

Xatırladaq ki, “Barselona” – “İnter” oyunu sabah, aprelin 30-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
0
1
arena.az

1Mənbələr