AZ

Təhsildə Yenilik: Bu elmi dərəcə LƏĞV OLUNUR?

Məsələni dəyərləndirən təhsil eksperti Kamran Əsədov “Ajans.az"a bildirib ki, bu təklif müasir dövrün tələblərinə uyğun bir yanaşmadır və tamamilə dəstəklənməlidir: ‘’Hazırda Azərbaycanda elmlər doktoru dərəcəsi daha çox status əldə etmək və inzibati vəzifələrə irəliləmək məqsədini güdür. Bu, yalnız müşahidə ilə deyil, həm də rəsmi statistika ilə təsdiqlənir. 2023-cü ildə AAK tərəfindən yayılan məlumatlara görə, elmlər doktoru dərəcəsi müdafiə edənlərin 58%-i akademik idarəetmə vəzifələrinə təyin olunub, yalnız 20%-i isə elmi tədqiqatlara davam edib. Bu rəqəmlər elmi fəaliyyətin əsas məqsədindən kənara çıxıldığını göstərir. Azərbaycanın “Elm haqqında” Qanununa görə, elmi fəaliyyətin əsas prinsiplərindən biri elmin azadlığıdır. Lakin AAK-ın mərkəzi təsdiq orqanı kimi fəaliyyəti elmi azadlıq prinsipinə zidd olan bürokratik maneələr yaradır. AAK-ın təsdiq etdiyi tələblər beynəlxalq elmi kriteriyalardan çox, daxili inzibati prosedurlara əsaslanır. Məsələn, beynəlxalq indeksli jurnallarda məqalə çap etməkdən çox, yerli təsdiqlənmiş jurnallarda nəşr olunmaq üstünlük təşkil edir. Qərb ölkələrinin təcrübəsi göstərir ki, elmi dərəcələr universitetlər tərəfindən verilir, müstəqil akademik komissiyalar tərəfindən isə təsdiqlənir. ABŞ-da PhD dərəcəsi universitet səviyyəsində müdafiə olunur və universitetin müvafiq elmi şurası tərəfindən təsdiq edilir. Almaniyada isə doktorluqdan sonrakı mərhələ olan “Habilitation” da universitetlər tərəfindən həyata keçirilir. Dövlət təsdiq orqanı yoxdur. Bu yanaşma akademik müstəqilliyi təmin edir, elmi keyfiyyəti artırır’’. Ekspert vurğulayıb ki, Etibar Əliyevin təklif etdiyi sistemin həyata keçirilməsi bir neçə müsbət nəticə verə bilər:
‘’Birincisi, universitetlər arasında rəqabət yaranar. Bu, onların beynəlxalq reytinqlərdə mövqelərini yaxşılaşdırar. İkincisi, elmi fəaliyyətə motivasiya artar, alimlər real tədqiqat nəticələri əldə etməyə yönələr. Üçüncüsü, inzibati maneələr aradan qalxar, proses isə daha şəffaf və beynəlxalq standartlara uyğun olar. Əgər AAK ləğv edilərsə, hər universitet özünün “Dissertasiya Şurası”nı yaradacaq və müdafiələr burada baş verəcək. Dövlət isə yalnız minimal tələbləri müəyyən edib monitorinq edəcək. Bu, elmi müstəqilliyi artırar, sistemin təbii seleksiya yolu ilə inkişaf etməsinə şərait yaradardı.

Son olaraq, Azərbaycan universitetləri elmi fəaliyyətə stimul verən mükafatlandırma sistemləri qurmalı, doktorantlara, tədqiqatçılara qrantlar və beynəlxalq layihələrə çıxış imkanları yaratmalıdır. Elmlər doktoru dərəcəsi yalnız real tədqiqat ehtiyaclarına uyğun saxlanmalı, inzibati vəzifələr üçün istifadə edilməməlidir. Etibar Əliyevin təklifi Azərbaycanda elmin idarəolunma modelinin modernləşdirilməsini tələb edir. Bu dəyişikliklər elmin inkişafını daha dinamik, rəqabətli və beynəlxalq səviyyədə tanınan etməyə imkan verər’’.

Seçilən
1
Ajans.az

1Mənbələr