Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Türkiyənin raket istehsalı ilə məşğul olan “Roketsan” şirkətinin Azərbaycandakı təmsilçisi “Azroksan”ın rəhbərliyi ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüşdə “Bayraktar Teknoloji Azerbaycan” və Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri də iştirak ediblər.
Görüşdə BMU haqqında qonaqlara geniş məlumat verən rektor Yaqub Piriyev universitetin mövcud imkanları, həmçinin elmi-tədqiqat potensialı, Cənubu Koreya və Çin universitetləri ilə ikili diplom proqramları barədə zəruri informasiyaları təqdim edib. Universitet-sənaye işbirliyinin əhəmiyyətini vurğulayan rektor bu baxımdan qardaş ölkə olan Türkiyənin nüfuzlu şirkətləri, o cümlədən “Bayraktar Teknoloji Azerbaycan” ilə qurulan əlaqələrə, bu yaxınlarda imzalanan müqaviləyə diqqət çəkib. Yaqub Piriyev universitetdə nəzərdə tutulan yeniliklər, eləcə də BMU tələbələrinin uğurlu startap layihələrindən də ətraflı bəhs edib və mümkün əməkdaşlıq istiqamətlərini vurğulayıb.
Müzakirələrlə davam edən görüşdə yaxın gələcəkdə BMU ilə “Azroksan” arasında əməkdaşlıq müqaviləsinin imzalanması məsələsi nəzərdən keçirilib.
Sonda qonaqlar BMU-nun laboratoriyaları, Texnoparkı ilə tanış olublar.




