Azərbaycan və İran qonşu, dost dövlətlərdir. Zaman-zaman iki ölkə arasında İran tərəfinin yaratdığı problemlərlə bir çox anlaşmazlıqlar baş versə də, hər iki tərəfin müdrikliyi bu problemlərin öhdəsindən gəlməyə imkan verir.
İran prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri çərçivəsində verdiyi bəyanatlar, iki ölkə başçısının Biznes Forumdakı çıxışları onu deməyə əsas verir ki, bu səfərin nəticələri yüksək dəyərləndiriləcək. Bu səfərdən sonra iki ölkə arasında siyasi, iqtisadi, mədəni, həmçinin humanitar sahələrdə çox böyük irəliləyişlər əldə olunacaq.
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycan zaman-zaman öz səmimi münasibətini doğru tərəfdaş ölkə olduğunu sübut edib.
"Təbii ki, artıq İran siyasətçiləri də bunu görüb, anlayır və bu səfərdən öncə səfərin nüansları ilə bağlı olan məsələlərdə prezidentlərin xüsusi nümayəndələrinin qarşılıqlı səfəri, ölkələr arasındakı münasibətlərin tənzimlənməsi üçün birgə komissiyaların iştirakı və İran prezidentinin ölkəmizdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib olduğunu deməsi, İranın Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını söyləməsi, gələcəkdə Azərbaycan və İran dövlətinin birgə müştərək layihələrində iştirakını, ikitərəfli və çoxtərəfli münasibətlərdə, platformalarda birgə iştirakının mümkünlüyünü, hər iki ölkənin başçılarının Araz Vadisi yollar üzərində gələcəkdə yalnız bu yolların dəmir yolu, avtomobil yolu yox, digər biznes sahələri üzrə inşa olunması gələcəkdə sərhədlərimizin və həmin ərazilərin dünyanın çox vacib yollarından birinə çevriləcək".
Millət vəkili hesab edir ki, bütün bu birgə fəaliyyətin sürətləndirilməsi, gücləndirilməsi ilə bağlı deyilən fikirlər, bəyanatlar iqtisadi münasibətin daha zirvəyə qalxması üçün atılacaq addımlar, imzalanacaq sənədlər Azərbaycan və İran arasındakı münasibətləri zirvəyə daşıyacaq və iki qonşu dövlət birgə uğurlu tərəfdaş kimi bu münasibətləri dostluğa, strateji əlaqələrin yüksək səviyyəyə qalxması üçün birgə işləyəcəklər.
"İran prezidentinin ölkəmizə rəsmi səfəri iki ölkə arasındakı münasibətləri gələcək perespektivlərdə inkişaf edəcək və bu inkişaf sahəsində qarşıda çox böyük uğurların əldə olunması üçün vacib addımlar atılacaq. O cümlədən, İran şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda iştirakının cənab prezident tərəfindən dəvət olunması İranda və ölkəmizdə birgə müəssisələrin yaradılması, şirkətlərin fəaliyyəti, beynəlxalq platformalarda müştərək layihələrin irəli sürülməsinin dəstəklənməsi, mədəni əlaqələrin inkişaf etməsi üçün vacib addımların atılması, biznes layihəsinin hər iki ölkədə inkişaf etdirilməsi, siyasi əlaqələrin də o cümlədən, gələcək fəaliyyətdə daha da inkişafı üçün perespektivlərin olması və onların inkişafı bu səfərin nəticələrini yüksək səviyyədə zirvəyə qalxdığını göstərəcək".
V.İskəndərov vurğulayıb ki, iki ölkəni bir-birinə bağlayan dəyərlər var və bu dəyərlərim qorunub saxlanılması, inkişaf etdirilməsi üçün İran prezidentinin bu səfəri çox vacib bir vasitə olacaq.
Aminə Nəzərova