İstər tələbələr, istərsə də məktəblilər arasında dərsdən gəldikdən sonra belə, gecəyə kimi dərs edənlər çoxdur. Həmçinin, onların əksəriyyəti kurslardan, məşğələlərdən axşam qayıdırlar.
Əlbəttə, bu onların dərslərində uğur qazanmasına səbəb ola bilər, ancaq mütəxəssislər bildirirlər ki, bu, sağlamlıqlarına da zərər verə bilir.
Məsələn, Vyetnamın Hoşimin şəhərində hökumət orqanları axşam saat 20:00-dan sonra bütün dərs məşğələlərini qadağan edib. Burada məqsəd məktəblilərin və tələbələrin yorğunluğunun azaldılması sağlamlıqlarının qorunmasıdır.
Bəs həqiqətən də saat 8-dən sonra dərs oxumaq zərərlidirmi?
Ailə və uşaq psixoloqu Aynur İsmayılova Bizim.Media-ya açıqlamasında bu fikri təsdiqləyib:
“Səhər saat 8-dən günorta 3-ə qədər ki vaxt beyinin ən aktiv bilik qavrama saatları olur. Bu saatlarda nə oxunursa, yadda qalır. Ancaq axşam saat 8-də insanın bədəninin yatmaq, istirahət etmək saatıdır. Buna görə də o saatda oxunan dərs yadda qalmır. Çünki burada avtomatik diqqət zəifliyi olur”.
Aynur İsmayılova deyir ki, bu, bədənin getdikcə yuxuya öyrəşməsiylə əlaqəlidir.
“Axı uşaq yaşlarda heç vaxt axşam 8-də dərs oxunmayıb, insan adaptasiya olur ki, axşam saat 9-10-da yatsın. Bu elə bir adaptasiyadır ki, axşam 8-dən sonra insan nə qədər çalışsa da, yadda saxlama mexanizmi təxmini 20 % olur. Bu da indiki informasiyanın çoxluğu dövründə yorğunluq gətirir. Buna görə də axşam 8-dən sonra dərs oxumaq effektiv deyil”.
Maraqlıdır ki, əgər gec saatlara qədər dərs oxumaq sağlamlığa ziyandırsa, bəs universitetə hazırlaşan abituriyentlər və yaxud semestr imtahanı verəcək tələbələr necə etsinlər ki, dərslərində uğur qazansınlar?
“Axşam gec saatlara qədər dərs oxumaq əvəzinə, səhər saat 7-də, 8-də dərs oxumaq daha effektivdir. Çünki bu saatlarda oxunan dərs daha yadda qalar”, - deyə psixoloq cavab verib.
Nəzrin Mirzəyeva, Bizim.Media