AZ

Mingəçevirdə"Prezident Kuboku" reqatası keçirildi

MİNGƏÇEVİR, 29 aprel. TELEQRAF

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin 102 illik yubileyinə həsr olunmuş avarçəkmə üzrə "Prezident Kuboku" beynəlxalq reqatası iştirakçılarının paradı keçirilib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə 20-dən çox dövləti təmsil edən 200-dən artıq beynəlxalq reqata iştirakçısı Heydər Əliyev prospekti ilə Heydər Əliyev meydanına doğru hərəkət edərək, yarışın simvolik obrazları, milli bayraqlar və canlı orkestrin müşayiəti ilə minlərlə şəhər sakininin alqışları altında parad təşkil edib.

Paradda xüsusi gücləndiricilərlə reqatanın məqsədi, iştirakçıları və təmsilçi dövlətlər barədə məlumatlar təqdim olunub.

Bu ilki reqatada, Avropa və Asiya ölkələri ilə yanaşı, ilk dəfə Cənubi Afrika Respublikasının avarçəkmə yığması da iştirak edib.

Paraddan sonra, Ulu Öndərin adını daşıyan Heydər Əliyev meydanında bayram proqramı ilə davam edən tədbirdə şəhər rəhbərliyinin, yerli və beynəlxalq kanoye federasiyasının rəsmilərinin və digər qonaqların iştirakı ilə Heydər Əliyevin abidəsi ziyarət edilib.

Daha sonra, iştirakçı komandaların tanıtımı məqsədilə milli rəqslər təqdim olunub.

Beynəlxalq idman tədbiri may ayının 1-2-si tarixlərində Mingəçevirdə davam etdiriləcək və sonuncu mərhələ Suqovuşanda keçiriləcək.

Seçilən
3
teleqraf.com

1Mənbələr