BAKI, 29 aprel. TELEQRAF
Böyük Britaniyanın neft şirkəti “BP” zəifləmiş emal və qaz ticarəti səbəbindən xalis mənfəətinin gözləniləndən daha çox – 48% azaldığını bildirib.
Teleqraf xəbər verir ki, şirkət 1,4 milyard dollar qazanc əldə etdiyini bildirib.
BP eyni zamanda strategiya üzrə rəhbəri Culya Kierkianın vəzifəsindən ayrıldığını elan edib.
BP birinci rüb üçün 1,38 milyard dollar məbləğində tənzimlənmiş xalis gəlirinin olduğunu açıqlayıb. Bu rəqəm şirkətin təqdim etdiyi sorğuya əsasən analitiklərin gözləntiləri olan 1,53 milyard dollardan aşağı olub.
Bu göstərici ötən ilin eyni dövründəki 2,7 milyard dollarlıq mənfəətlə müqayisədə xeyli azdır.
Şirkətin qaz və aşağı karbon bölməsində mənfəət təxminən 40% azalıb ki, buna da zəif ticarət və aktivlərin satılmasından sonra hasilatın aşağı düşməsi səbəb olub.
Müştərilər və məhsullar bölməsində isə mənfəət təxminən 47% azalıb.
BP bildirib ki, ikinci rübdə genişmiqyaslı neft emalı zavodu təmir proqramı həyata keçirməyi planlaşdırır ki, bu da çox güman ki, istehsalın azalması ilə nəticələnəcək.
Qeyd edək ki, ABŞ-ın “Elliott Investment Management” fondu xərclərin və məsrəflərin daha dərindən azaldılması ilə daha yüksək sərbəst pul hərəkətinə (FCF) nail olmaq məqsədilə strategiya rəhbərinin dəyişdirilməsini istəyib.