AQTA-nın işində qeyri-şəffaflıq var - SƏRT TƏNQİD
Bunu Ajans.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, AQTA-nın qəfil yoxlama aparmaq səlahiyyəti olmalıdır: “Lazım olsa, gecə də yoxlanış apara bilsinlər, çünki şadlıq evləri o vaxt başlayır işə. Nə qədər ki, bu cür qəfil yoxlamalar yoxdur, bu hadisələr də davam edəcək, heç bir cərimələr fayda verməyəcək. Ona görə AQTA-nin əsasnaməsində dəyişiklik aparılmalıdır, onlar xəbərdarlıqsız yoxlama imkanlarına malik olmalıdılar. Üstəlik bu sahədə tələb təklifi üstələyir. İnsanlar şadlıq evində toy etmək üçün növbəyə durublar. Harada ki, tələb təklifdən çoxdur, orada mütləq keyfiyyətsiz xidmət meydana çıxır. Ona görə toy edən vətəndaş da ilk öncə gedib şadlıq evinin mətbəxinə baxmalıdır. Yəni burada həm şadlıq evlərinin sahibləri, həm də vətəndaşlar məsuliyyətli olmalıdır”.
Eyyub Hüseynov bildirib ki, AQTA-ya məhsulla bağlı şikayət göndərib, lakin cavab ala bilməyib: “AQTA-nın işini test etmək üçün bir material göndərdim ki, görüm tez reaksiya veriləcək? Dünən bir istehlakçı gətirib, "Batonçik" adlı konfetdir, "Mirzəoğlu MMC"də istehsal olunur, Buzovnada. Vətəndaşlar bunu Rusiya məhsulu kimi alırlar. Göndərdim AQTA-nin müvafiq şöbəsinə, lakin cavab almaq mümkün olmadı. Çox mübarizə apardım ki, AQTA-ya ictimai dəstək verək, lakin bu qurum heç bir ictimai dəstəyə, KİV ilə effektiv işləməyə üstünlük vermir. Nə qədər belə olacaqsa, zəhərlənmələr də olacaq. Təsadüfi deyil ki, AQTA-nın göstərdiyi rəqəmlərə görə Azərbaycanda zəhərlənmələrin statistikası ümumdünya göstəricisindən 1400 dəfə azdır. Bu yalançı statistikalara son qoyulmalıdır”. Eyyub Hüseynov saxta içkilərin aşkarlanması problemindən danışarkən qeyd edib ki, AQTA-nın işində belə bir qeyri-şəffaflıq mövcuddur: “Məsələnin son nəticəyə qədər təqib edilməsi ictimaiyyətə açıqlanmır. Bu, çox pis bir cəhətdir. Yaxşı olardı ki, bu məsələlər şəffaflaşdırılsın. Əhaliyə yarımçıq informasiya lazım deyil, o məhsulun ilk mənbəyinə gedib çıxılması lazımdır”. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.