AZ

Babacanyandan Köçəryana xəyanət ittihamı: Qurduğunuz ordu fərarilik elədi

BAKI, 29 aprel. TELEQRAF

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın hakimiyyəti dönəmində konstitusiya kobud şəkildə pozulub, ordu gizli əmrlə xalqa qarşı istifadə edilmək üçün İrəvanın mərkəzinə gətirilib. Ermənistan silahlı qüvvələri xarici düşmənə yox, öz vətəndaşlarına qarşı istifadə olunub.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.

Siyasətçi xatırladıb ki, 2008-ci il martin 1-də İrəvanda keçirilən dinc aksiyalar zamanı 10 vətəndaş prezidentin əmri ilə güllələnib:

“Bütün bunlar ona görə baş verdi ki, Köçəryan, Serj (Sərkisyan) və onların cinayətkar oliqarx dəstəsi hakimiyyəti saxlaya bilsin.

Ermənistan konstitusiyası ordunun siyasi proseslərdə iştirakını qadağan edir. Amma Köçəryan rejimi üçün konstitusiya və xalqın həyatının heç vaxt dəyəri olmayıb. Onların yeganə qanunu qan və qorxu vasitəsilə hakimiyyəti saxlamaq idi.

Ordunun siyasi proseslərə cəlb edilməsi hələ 1998-ci ildə seçkilərin nəticələrinin hərbi hissələr, yüksək rütbəli zabitlər və hərbi qulluqçuların məcburi səsverməyə cəlb edilməsi ilə müəyyən edildiyi vaxtdan başlayıb. 1998, 1999, 2003, 2008, 2013 və 2017-ci illərdə bütün silahlı qüvvələr, zabit korpusu, inzibati resurslar xarici təhlükəyə qarşı yox, öz xalqının azad iradəsinə qarşı səfərbər olunmuşdu. Vətənin müdafiəçiləri rejimin seçki maşınının alətinə çevrilmişdilər. Bütün bunlara birbaşa göstərişi Serj Sərkisyan və Robert Köçəryan vermişdi.

Bu gün ordunu seçki saxtakarlığı maşını səviyyəsinə endirən həmin adam vəzifədə olduğu müddətdə “döyüşə hazır ordu”dan danışmağa cürət edir. Sizin “döyüşə hazır ordu”nuz nazirlər və baş qərargah rəislərindən qorxduqları üçün ölkədən qaçan (fərari), son gülləsinə qədər qarət edilən, generalları kiçik uşaqların (əsgərlərin) hesabına villalar tikdirən ordu idi. Sizin ordunuz o ordu idi ki, müdafiə naziri İrəvanda fransız üslubunda saray tikdirmişdi”.

Köçəryan və Sərkisyanı vətənə xəyanətdə, ordunu qarət və tərksilah etməkdə ittiham edən Babacanyan vurğulayıb ki, hər ikisi törətdikləri cinayətlərə görə məhkəmə qarşısında cavab verməli olacaq.

Seçilən
2
teleqraf.com

1Mənbələr