Aprelin 29-da Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi”nin yeni binasının açılış mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bildirib ki, Hərracların Təşkili Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə ümumi sahəsi 489 kvadrat metr olan yeni inzibati bina istifadəyə verilib. İki mərtəbədən ibarət olan binada iş otaqları, arxiv otağı və geniş hərrac zalı yaradılıb.
Müasir üslubda təmir olunan hərrac zalı ən son texnoloji avadanlıqlarla və multimedia vasitələri ilə təmin edilib. Burada hərrac iştirakçılarının rahatlığı və prosesin şəffaflığının təmin edilməsi məqsədilə yüksək texnologiyalara əsaslanan həllər tətbiq olunub.
Hərracların canlı izlənməsi üçün hərəkət sensorlu, yüksək görüntü keyfiyyətinə və avtomatik yaxınlaşdırma funksiyasına malik müşahidə kameraları, böyük ölçülü və yüksək görüntü keyfiyyətinə malik monitorlar quraşdırılıb. Eyni zamanda, hərrac prosesinin videokameralar vasitəsilə qeydiyyata alınaraq arxivləşdirilməsi üçün texniki imkanlar yaradılıb. Binada yerləşdirilmiş müşahidə kameraları vasitəsilə fasiləsiz onlayn videomüşahidənin aparılması da təmin olunub.