Astana, 29 aprel, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyası ölkələri ilə Macarıstan arasında qarşılıqlı fəaliyyətin xüsusi səviyyəsidir.
Bu barədə AZƏRTAC-a Macarıstanın Qazaxıstandakı səfiri Otto İvan Rona bildirib.
O əlavə edib: “TDT elmi, texnoloji, mədəni və siyasi sahələrdə əməkdaşlıq, o cümlədən enerji və iqtisadi tərəfdaşlıqla bağlı platforma təqdim edir. Bu, bizim üçün çox vacibdir”.
Diplomat vurğulayıb: “TÜRKSOY da bu istiqamətdə çox gözəl işlər görür. Bununla belə, təşkilat Macarıstanda öz layihələrini təqdim etməkdə daha fəal olmalıdır, çünki Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində bizim ortaq köklərimiz haqqında Mərkəzi Avropada olduğundan daha çox məlumat var. Hesab edirəm ki, TÜRKSOY bu məsələyə daha çox diqqət yetirməlidir.
Budapeştin TDT-də yalnız müşahidəçi statusuna malik olmasına və təşkilatın tamhüquqlu üzvü olmamasına baxmayaraq, öz ölkələrində yaşayan macarların da Türk dünyası ilə tarixi bağlarını başa düşülən və əlçatan layihələr vasitəsilə dərk etmələri bizim üçün son dərəcə vacibdir”.
Diplomat Macarıstanın Azərbaycan xalqının türk köklərinə və ortaq tarixi bağlara bələd olduğunu da diqqətə çatdırıb. “Lakin bu anlaşmanı dərinləşdirmək üçün gələcəkdə Macarıstanda daha çox birgə mədəni tədbirlər və layihələr həyata keçirmək lazımdır”, -deyə səfir qeyd edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana