BAKI, 29 aprel. TELEQRAF
"Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalandığı andan ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı birgə müraciət edəcəklərini açıqlaması məntiqdən uzaqdır. Onun iki məsələ arasında sinxronluq yaratmaq cəhdi başqa məqsədlərə hesablanıb".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.
Deputat Azərbaycanın məlum şərtləri və tələbləri fonunda Ermənistanın Minsk Qrupunu əlində təzyiq vasitəsi kimi saxlamaq niyyətində olduğunu bildirib: “Sözsüz ki, sülh müqaviləsi imzalanan kimi o dərhal hər iki ölkə tərəfindən ratifikasiya edilmir. Bunun üçün də müəyyən prosedurlar var. Razılaşma imzalanan vaxt Minsk Qrupundan imtina ilə bağlı sənədə imza atılması üçün də bəlli şərtlər var”.
Rasim Musabəyov Azərbaycanın tələsik sülhdə maraqlı olmadığını diqqətə çatdırıb: “Bununla yanaşı, Ermənistan konstitusiyasında da dəyişikliklər edilməlidir. Rəsmi İrəvan bu məsələni hansı şəkildə edəcəyini hələ ki, açıqlamayıb. Ona görə də Azərbaycanın şərtləri masadadır, amma tələsmir”.
Politoloq Zaur Məmmədov Minsk Qrupundan imtina məsələsində İrəvanın israrlı davranışının mahiyyətinə toxunub.
O, sülh danışıqlarına da erməni tərəfinin alver predmeti kimi yanaşdığını deyib: “Minsk Qrupuna da eyni prizmadan baxırlar. Düşünürlər ki, sülh müqaviləsindən öncə bundan imtina Azərbaycanla danışıqlarda təsir imkanlarını itirmək deməkdir. Ona görə də sona qədər bu məsələdə israrlı mövqedən çıxış edirlər. Azərbaycanı da məhz bu yolla sülh müqaviləsini imzalamağa sövq edəcəklərini düşünürlər”.
Zaur Məmmədov Minsk Qrupunun ləğvinin Azərbaycanın əsas tələblərindən biri olduğunu söyləyib: “Amma Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı iki mühüm tələbi var. Bu, həm də Ermənistanın yeni konstitusiya qəbul etməsi ilə bağlıdır. Ona görə də Paşinyan Minsk qrupundan sabah imtina edərsə, bu dərhal sülh müqaviləsinin imzalanması demək deyil. Çünki Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı olan ərazi iddialar hələ aradan qaldırılmayıb”.