Bu yaxınlarda İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ meqapolis üçün hazırlanan təxliyə planlarının əhəmiyyətini bir daha ortaya qoyub. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlanan ssenarilərə görə, İstanbulun boşaldılmasında 237 körpü və viyadük kritik keçid nöqtələri olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti məlumat yayıb.
Bildirilib ki, İstanbulun təhlükəsiz şəkildə boşaldılması üçün nəzərdə tutulan 947 kilometrlik Mərmərə şossesi mövcud və proqnozlaşdırılan bağlantılarla 1295 kilometrə çatacaq.
Bu şosse İstanbul və Mərmərə bölgəsindən mümkün fəlakət halında digər vilayətlərə sürətli və təhlükəsiz təxliyə imkanı təmin edəcək. Şosse Türkiyənin Kocaeli, Sakarya, Yalova, Bursa, Çanaqqala, Balıkəsir, Manisa və İzmir kimi sənaye və iqtisadi nəhənglərini, eləcə də İstanbulu birləşdirir. Bununla həm tranzit yükü azalır, həm də iqtisadi həyat xətləri qorunur.
Eyni zamanda mümkün fəlakət ssenarisində İstanbulun 1915-ci il Çanaqqala körpüsü ilə qərbə köçürülməsi sürətləndiriləcək. Bu, İstanbulun qərbində evakuasiya üçün alternativ yollar yaratmaqla təhlükəsizliyi artıracaq.