AZ

Razi Nurullayev dövlət qurumlarının rəhbərlərini parlamentə ÇAĞIRDI: “Şəxsi pullarınız deyil”

Deputat Razi Nurullayev fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərini və məsul şəxslərini parlamentə dəvət edib.

Maraqlıdır, deputat hansı dövlət qurumlarını və konkret kimləri nəzərdə tutur? Onların fəaliyyətində hansı qüsurlar aşkarlanıb?

Məsələni elə deputatın özü ilə dəqiqləşdirməyə çalışdıq.

Razi Nurullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, bir çox dövlət orqanları büdcə vəsaitlərini doğru –dürüst xərcləməməklə yanaşı, həm də, işlərinin öhdəsindən gəlmirlər, yarıtmaz fəaliyyət göstərirlər:

 “Ona görə də onlar üz-üzə o suallarla üzləşməlidilər. Çünki onlar dövlət büdcəsi ilə işləyirlər və dövlət büdcəsini  xərcləyirlər. Onların özlərinin öz şəxsi pulları deyil ki, evlərindən gətirib nəsə tikib yaratmırlar. Dövlətin büdcəsindən ayrılır, parlament onu təsdiq edir və  o pullar da insanların rifahı üçün xərclənməlidir”.

Deputat güclü leysanla müşahidə olunan son hadisələrə toxunub:

“Son hadisədə gördük ki, Bakı su altında qalıb.  Əlbəttə ki, bu, bütün dünyada olan təbiət hadisəsidir. Hər yerdə ola bilər. Amma, məni özümdən çıxaran, məyus edən məsələ budur ki, bir çox yerli orqanlar, mərkəzi  orqanlar dövlət büdcəsi ilə işləyən və vəzifəsi olan insanlar heç suyun içində qalan ailələrə gedib salam belə vermirlər. Məsələn çox təəssüf edirəm ki, Lökbatan qəsəbəsində 100 – dən çox ailə suyun altında qalıb. Hələ də bir metr suyun altında qalanlar var.
 

Sadəcə FHN gəlib onlara köməklik göstərib, böyük dəstək oldu. Amma digər orqanlar nəinki ora gəlmək, heç telefonlara belə cavab vermirdilər. Bu artıq nəinki parlamentdə, hətta ölkə səviyyəsində  müzakirə olunmalıdır. Bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir, günahkarlar da cəzalandırılmalıdır. Ən azından sən gedib vətəndaşın yanında dayana bilmirsən?


Bir dəfə də olsun hadisə yerinə gəlmirsənsə, sən o vəzifədə niyə dayanırsan? Niyə dövlət büdcəsini xərcləyirsən? Fikrimcə ilk olaraq  bu məsələ ilə bağlı parlamentin iclasında müzakirələr olmalıdır”- deyə Razi Nurullayev əlavə edib.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr