Hindistan hava məkanını Pakistan daşıyıcılarının üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına daxil olmasını qadağan etməyi düşünür.
Vətəninfo.az xəbər verir ki , bu barədə hökumətdəki mənbələrə istinadən “The Economic Times” qəzeti məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, bu halda Pakistan Cənub-Şərqi Asiya ölkələrinə çatmaq üçün təyyarələri Çin və ya Şri-Lanka vasitəsilə göndərməli olacaq. Bundan əvvəl Pakistan Pahalqamdakı terror aktından sonra Yeni Dehlinin atdığı addımlara cavab olaraq hava məkanını Hindistana bağlamışdı.
Aprelin 22-də silahlı şəxslər Cammu və Kəşmirin məşhur turistik Pahalqam şəhərində terror aktı törədiblər. 25 Hindistan və bir Nepal vətəndaşı həlak olub, çoxlu sayda yaralı var. Hücum edənlər qaça biliblər.
“The Hindustan Times” qəzetinin mənbələrinə görə, Hindistan kəşfiyyat orqanları Pahalqamda “Ləşkər-e-Taibə” terrorçularının hücumunda Pakistanın idarələrarası kəşfiyyatının iştirakına dair sübutlar tapıblar. Terror aktından sonra Hindistan İslamabaddakı səfirliyinin işçilərinin sayını demək olar ki, iki dəfə azaltdı, Pakistan diplomatik missiyasının hərbi məsləhətçilərini persona non qrata elan etdi və Attari sərhəd keçidini bağladı. Hindistan hakimiyyəti həmçinin İslamabadla su ehtiyatlarının bölüşdürülməsi və Pakistan vətəndaşlarına vizaların verilməsinə dair razılaşmaları dayandırıb.