DTX rəisi Azərbaycanın Əfqanıstanla bağlı təşəbbüsləri dəstəklədiyini deyib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
7Times.az xəbər verir ki, konfransda çıxış edən DTX rəisi Əli Nağıyev Azərbaycanın hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəklədiyini, bu istiqamətdə səylərini heç bir vaxt əsirgəmədiyini qeyd edib.
General-polkovnik Əli Nağıyev Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsinin zəruriliyinə də diqqət çəkib.
DTX rəisi deyib ki, Əfqanıstanda sabitlik üçün birgə mövqe vacibdir. Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmasında vahid mövqe ortaya qoyulmasının tədbirin keçirilməsində əsas məqsədlərdən biri olduğunu vurğulayan Xidmət rəisi Əli Nağıyev Əfqanıstanın beynəlxalq münasibətlər sistemində öz yerini tutmasının, bu ölkədə əmin-amanlığın təmin edilməsinin vacibliyini qeyd etmiş, bütün bunlar üçün region ölkələrinin və digər dövlətlərin koordinasiyalı fəaliyyət və birgə səy göstərəcəklərinə inamını ifadə etmişdir.