Bayıl Premyer Liqasız qalmayacaq. I Liqaya yollanmaq üzrə olan “Səbail”in əvəzinə yeni mövsümdən başqa bir komanda “ASCO Arena”da rəiblərini qəbul edəcək.
“Lisenziya tələbi olaraq Premyer Liqa standartlarına uyğun hansısa bir stadion təqdim etmək lazım olduğu üçün Bayılda yerləşən “ASCO Arena”nı göstərməli olduq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında elitaya vəsiqə qazanan “İmişli”nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov deyib.
Bununla belə, Mürsəlov “İmişli”nin əsas məqsədinin oyunları rayon azarkeşlərinin qarşısında keçirmək olduğunu vurğulayıb: “Klub olaraq bizim öncəliyimiz ev oyunlarımızı doğma rayonumuzda, azarkeşlərimizin qarşısında keçirməkdir. Bunun üçün əlimizdən gələni etməyə çalışırıq. Bildiyiniz kimi, ot örtüyünün yenilənməsi üçün ciddi vəsait və zaman lazımdır. Bu məqsədlə lazımi qurumlara və AFFA-ya təkliflərimizi ünvanlamışıq. Ümid edirik ki, bizə dəstək olacaqlar”.
AFFA İcraiyyə Komitəsi Premyer Liqada iştirakçı sayını artırarkən infrastrukturu yetərli olmayan klublara bir il müddətinə güşət edilməsini açıqlamışdı. “İmişli” də məhz bundan faydalanaraq doğma rayondakı stadion tam hazır olanadək paytaxtda oynayacaq. Eyni qərarı “Karvan” da verib – yevlaxlılar mövsümün ilk oyunlarını Bakıda və ya Qəbələdə keçirmək niyyətindədir.
AFFA belə klublara ciddi nəzarət etməlidir. Zaman göstərir ki, aşağı liqalarda infrastrukturla bağlı durum acınacaqlıdır. Heç kimin maliyyəsi şəraitin yaxşılaşdırılmasına yetmir, Premyer Liqaya vəsiqə qazananlar öz azarkeşləri önündə oynaya bilmir. “Kəpəz” illərdir qaçqın həyatı yaşayır, Bakıda, Qəbələdə, Tovuzda gününü keçirir. “Araz-Naxçıvan” Premyer Liqaya gələndən Muxtar Respublikanın üzünü görməyib, daha çox Mərdəkan təmsilçisinə bənzəyir. İndi isə “Karvan”la “İmişli” eyni durumdadır.
Qarşıdakı mövsümdə “Kəpəz”, nəhayət, Gəncədə oynaya biləcəksə, 3 klub doğma rayonuna həsrət qalacaq. Assosiasiya onların qarşısında qoyduğu tələbləri sərtləşdirməli, büdcəniin legionerlərə dağıdılmasının qarşısını almalı, infrastrukturun qurulmasına nəzarət edilməlidir. Hamısının öz stadionu var, sadəcə, mövcud infrastrukturu yaxşılaşdırmaq gərəkdir. “İmişli” və “Karvan”la yanaşı, “Araz-Naxçıvan” da nəzarətə götürülməlidir. Büdcəsi kifayət qədər böyük olan naxçvanlılar hər mövsümə bir milyon manat ayırsaydı, indi doğma meydnda oynamaq üçün heç bir problemi qalmazdı. Digərlərindən tələb olunanlar onlara da şamil edilməli, əks halda komanda I Liqaya göndərilməlidiir. Komanda sayını artıraraq hamını Bakıya yığmaq xoş mənzərə deyil.futbolinfo.az