AZ

Sərkisyanın revanş cəhdi: Paşinyandan yeddi il əvvəlin qisasını almaq istəyir

BAKI, 29 aprel. TELEQRAF

Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyana qarşı bu dəfəki impiçment cəhdi də uğursuzluğa məhkumdur. Çünki müxalif qüvvələr arasındakı fikir ayrılıqları onların birləşməsinə mane olur.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Lilit Minasyan müxalifətətin parlamentdə baş nazirə qarşı impiçment prosesinə başlamaq cəhdini şərh edərkən deyib.

“İmpiçment prosesinin başlanması yeni bir şey deyil. Bütün etirazlar zamanı müxalifət qüvvələri ardıcıl olaraq bəyan ediblər ki, impiçment prosesinə başlaya bilmələri üçün “Vətəndaş Müqaviləsi”ndən deputat qoparmaq lazımdır”, - deputat bildirib.

Minasyanın sözlərinə görə, problem müxalifətin hakim partiyadan deputat götürə bilməməsində yox, vahid namizəd irəli sürə bilməməsindədir:

“Müxalifət hələ də yekdil fikirdə deyil. Bu məsələni də birləşmiş müxalifət yox, müxalifətin müxtəlif qolları dilə gətirir. Ya vahid namizəd irəli sürə bilmirlər, ya da vətəndaşlar arasında narazılıq yaradan şəxsi təklif edirlər. Məsələn, bir dəfə ictimaiyyətin birmənalı şəkildə rədd etdiyi bir şəxsin – (keçmiş baş nazir) Vazgen Manukyanın namizədliyini irəli sürmüşdülər”.

Xatırladaq ki, parlamentdə Nikol Paşinyana etimadsızlıq təklifi “Oyanaq” adlı hərəkat tərəfindən verilib. Qrupun üzvləri, sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyan 107 deputata impiçmentə qoşulmağa çağıran məktub göndərib. Malyan iddia edir ki, hakim partiyada da impiçment prosesində maraqlı olan deputatlar var.

Ermənistan rəsmiləri impiçment cəhdinin təşkilatçısının sabiq prezident Serj Sərkisyan olduğunu bildirirlər. Rəsmilərə görə, Sərkisyan 7 il əvvəl apreldə onu devirərək hakimiyyətə gələn Paşinyandan qisas almağa çalışır. Sabiq prezidentin özü ötən həftəsonu jurnalistlərə açıqlamasında baş nazirin impiçment edilməsinin vaxtının çatdığını söyləmişdi.

Seçilən
1
teleqraf.com

1Mənbələr