ABŞ prezidenti Donald Tramp avtomobil istehsalçılarını bəzi tariflərdən azad etməyi planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) və “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, artıq avtomobil idxalında 25 faiz rüsum ödəyən şirkətlərə polad və alüminium kimi digər tariflər tətbiq edilməyəcək. Üstəlik, Tramp bu qərarını elan etdikdən sonra avtomobil istehsalçılarına artıq ödədikləri rüsumların əvəzi ödəniləcək.

ABŞ administrasiyası həmçinin mayın 3-dən qüvvəyə minəcək və 25% təşkil edəcək idxal avtomobil hissələrinə tariflərə yenidən baxacaq.

Vurğulanıb ki, bu addımlar avtomobil istehsalçılarına hissələrin tədarük zəncirlərini Birləşmiş Ştatlara qaytarmaq üçün vaxt vermək məqsədi daşıyır.

Ticarət naziri Hovard Lutnik “Reuetrs”ə deyib: “Müqavilə prezidentin ticarət siyasətinin böyük qələbəsidir, ölkə daxilində məhsul istehsal edən şirkətləri mükafatlandırır və Amerikaya sərmayə yatırmaq və yerli istehsalını genişləndirmək öhdəliyini ifadə edən istehsalçılara açılış zolağı verir”.