BAKI, 29 aprel. TELEQRAF
"Əslində atamın rəhbərlik etdiyi Ədalət Partiyasında onun vəfatından sonra nələrin baş verməsi haqqında ətraflı bilgim yoxdur. Ona görə də proseslərə müdaxilə etmək haqqında düşünməmişəm. İddia edirlər ki, guya İlyas bəyin vəsiyyəti var və s. Kimsə israrla vəsiyyətin olduğunu deyirsə, mütləq onu göstərməlidir. Ortada fakt, sənəd yoxdursa, bu iddiallar əsassızdır".
Bu sözləri Teleqraf-a İlyas İsmayılovun Amerikada yaşayan oğlu Mətin İsmayılov Ədalət Partiyasında baş verən qalmaqala münasibət bildirərkən deyib.
O, axır vaxtlar işlərinin çox olması səbəbindən partiyada baş verənləri də izləyə bilmədiyini söyləyib: “Sadəcə olaraq, vəsiyyət haqqında yayılan söhbətləri eşitmişəm. Atamın sağlığında partiyaya özündən sonra kimin sədrlik edəcəyi ilə bağlı heç vaxt söhbət etməmişəm. İndi eşidirəm ki, partiyanın qərargahı ilə bağlı söz-söhbətlər var. Meydan Babayevin (ali məclisin sədri) adı çəkilir. Amma o adamı tanımıram. Eyni zamanda Mütəllim Rəhimlinin (sədr müavini) partiyadan çıxarılması qərarına münasibətim çox pisdir”.
Mətin İsmayılov Mütəllim Rəhimliyə atasının və özünün böyük hörmətinin olduğunu bildirib: “Onun partiyadan çıxarılması nəyə əsaslana bilər ki? O adamların çıxardığı qərarlar düzgün deyil. İlyas bəyin ailə üzvü kimi partiyada baş verənlərə müdaxilə etmək imkanlarım məhduddur. Anam da heç vaxt partiya işləri ilə maraqlanmadığına görə indi də bu məsələyə müdaxilə etməyəck. Həm də o xəstə adamdır, durub bu işlərə qarışacaq halda da deyil”.