Hücumçu Messi rəhbərliklə münasibətlərinə görə “Barselona”ya qayıtmaq istəmir...
Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi “Barselona”ya qayıtmaq istəmir.
Poliqon xəbər verir ki, bu barədə Sport.es portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, forvard Kataloniya klubunun rəhbərliyi ilə münasibətləri çətin olduğundan “blauqrana” ilə heç bir əlaqəsi olmasını istəmir. Hətta Messi “Barselona” klubunun forması ilə mümkün şərəf matçında iştirak etməyi belə planlaşdırmır.
Qeyd edək ki, Messi “Barselona”da yeniyetməlik döründən çalışıb və bu klubda yetişib. Messi 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Ulduz futbolçu “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisi ilə Dünya Kubokunun sahibi, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə “Qızıl top” qazanıb.
2021-ci ildə argentinalı Fransanın PSJ klubuna, 2023-cü ilin yayında isə MLS-də çıxış edən “İnter Mayami”yə keçib. Argentinalı futbolçunun Amerika klubu ilə hazırkı iş müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Poliqon.info