Niderlandın Rotterdam şəhərindəki "Boijmans Van Beuningen" muzeyində 50 milyon avro dəyərində olan tablo zədələnib.
Publika.az "BBC"yə istinadən xəbər verir ki, tablonu muzeyi gəzən adı açıqlanmayan uşağın zədələdiyi anlaşılıb.
Sözügedən tablonun amerikalı rəssam Mark Rotkoya məxsus olduğu bildirilir. Rəssam əsəri 1960-cı ildə ərsəyə gətirib. Əsər 1970-ci illərdən bu muzeydə saxlanılır.
Muzeyin nümayəndəsi bildirib ki, hər şey ötən həftə muzeyi ziyarət edən uşaqlardan birinin diqqətsizliyi ucbatından baş verib.
O, "rəsmin altındakı xam boya qatında kiçik cızıqlar" olduğunu bildirib.
“Hazırda rəsmin bərpa edilməsi ilə bağlı növbəti addımları araşdırırıq. Əsərin gələcəkdə yenidən sərgilənəcəyini gözləyirik”, - deyə muzeydən əlavə ediblər.
Dəymiş ziyana görə kimin məsuliyyət daşıyacağı isə dəqiqləşdirilməyib.