İran Prezidenti Məsud Pezişkianın Azərbaycana səfəri,hər iki ölkə açısından çox önəmli hadisədir.Səfərin nəticələri barədə fərqli fikirlər söyləmək olar, hətta səfərin mahiyyəti haqda da maraqlı ssenarilər yazmaq mümkündür. Amma, həqiqət ondan ibarətdir ki, İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına xidmət edən hər hansı bir əməl və addım çox vacibdir və indiki vaxtda bu böyük önəm daşıyan tədbirdir. Hər birimizə məlumdur ki, hər iki ölkə, xüsusilə də media qurumları və ictimai-siyasi fəallar vasitəsilə, zaman -zaman ittihamlar ,tənqidlər və hətta təhqiramiz şüarlar səsləndiriblər. Butün bu ittihamlar və gərginliklər ölkələrimiz arasında münasibətlərin heç də yaxşı olmadığını göstərən reallıqdır.Belə bir vəziyyətdə İran Prezidenti Pezeşkianın ölkəmizə rəsmi səfəri mövcud reallıqlara mütləq ki, öz təsirini göstərəcəkdir.İki ölkə arasında münasibətlərin həqiqi mənada qonşuluq, qohumluq , dostluq və əməkdaşlıq müstəvisinə keçməsində ümidləri artırır.Pezişkian İranda yaşayan 40 milyon azərbaycanlıdan biridir və xoşniyyətli bir insandır.İran siyasətinin islahatçı qanadından xalqın böyük əksəriyyətinin səsini alaraq ölkə prezidenti seçilib. Pezişkian fərqli bir siyasətçidir.Ökəsində molla rejiminin yürütdüyü siyasətə qarşı gələnlərin önündə gələn siyasət adamıdır.Rejimin xəbərdarlıq və təhdidlərinə rəğmən öz ana dilində Azərbaycan türkcəsində şeirlər deyir və söylədiyi şeirlər heç də sıradan deyil. Hər birinin altında bir mesaj var,deyə bilərəm. Hətta protokol qaydalarına zidd olsa belə Azərbaycan türkcəsində danışır və söhbətlər edir. Əlbəttə ki bu onun səmimiyyətindən irəli gəlir və ana dilinə nə qədər bağlı biri olduğunu göstərir. Bu da, Azərbaycan və İran arasında yeni bir mühitin ,qardaşlıq münasibətlərinin inkişafına xidmət göstərəcək bir körpünün inşasına başlaya biləcəyi istiqamətində ehtimallar yaradır. Doğrudur İran siyasətində Azərbaycana qarşı xüsusi bir siyasət mövcuddur və bu səbəbdən Pezişkianın Azərbaycana qarşı siyasətində nələrə nail olacağını gələcək göstərəcək. Bütün bunlara rəğmən Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü möhtəşəm xarici siyasət və strategiya, sonda öz sözünü deyəcək.
Çingiz Şahbazi, siyasi ekspert