AZ

Politoloq Ülkər Piriyeva - “Sözlə Qurulan Körpü: Regional Diplomatiya” » AzadMedia.az

Politoloq
Politoloq Ülkər Piriyeva

Bakı, 28 aprel — Azadmedia.az

İran və Azərbaycan prezidentlərinin son görüşü, bölgənin dəyişən siyasi dinamikasında önəmli bir hadisə kimi tarixə düşdü. Xüsusilə də İran Prezidentinin görüş zamanı səsləndirdiyi şeir, diplomatik jestdən daha artıq, dərin mesaj daşıyan bir siyasi simvolizm idi.
Bu sözləri Azadmedia.az-a açıqlamasında politoloq Ülkər Piriyeva bildirib.
Şeir, Şərq siyasətində həmişə sözün qüdrəti, emosional bağlılıq və mədəni körpü qurmaq vasitəsi olub. İran Prezidentinin bu addımı, İranın Azərbaycanla münasibətlərdə gərginlikdən dialoqa, qarşıdurmadan əməkdaşlığa keçmək istəyi kimi oxunmalıdır. Burada əsas mesaj açıq idi: sərt ritorikanı yumşaltmaq, ortaq mədəni kökləri xatırlatmaq və ikitərəfli münasibətlərdə yeni bir səhifə açmaq. Bu jest, yalnız iki dövlət arasındakı ikitərəfli əlaqələr üçün deyil, həm də Cənubi Qafqaz regionunda sabitliyin qorunması üçün strateji əhəmiyyət kəsb edir. İran, bölgədə mövqeyini gücləndirmək və Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətini, ənənəvi diplomatik vasitələrlə deyil, daha emosional və mədəni kodlar üzərindən çatdırdı.

Eyni zamanda, bu şeir diplomatik incəliklə verilən bir siqnal idi: İran, Azərbaycanla münasibətlərin qarşılıqlı hörmət və tarixi bağlar çərçivəsində inkişaf etdirilməsini istəyir. Ancaq siyasi analiz göstərir ki, bu jestin arxasında həm də iqtisadi və geosiyasi maraqlar dayanır: İran, regional layihələrdə – xüsusilə Zəngəzur dəhlizi, enerji tranziti və nəqliyyat marşrutlarında – daha fəal rol almağa çalışır.

Belə ki, İran prezidentinin şeirlə verdiyi mesaj, yaxın zamanda regionda yeni bir diplomatik üslubun başlanğıcı ola bilər. Sözlərin yumşaqlığı arxasında isə gələcək davamlı əməkdaşlıq, yeni razılaşmalar və qarşılıqlı maraqlara əsaslanan bir geosiyasi nizam qurmaq arzusu dayanır. Necə ki, 28 aprel tarixində bu addımlar ən nümunəvi şəkildə atıldı.
Bu görüş bir daha göstərdi ki, gerçək tarix və ortaq yaddaş – ölkələr arasında ən real körpülərdir.

Xüsusilə, 28 aprel tarixli bu mühüm görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin sərgilədiyi dövlətçilik mövqeyi və diplomatik uzaqgörənliyi xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyev öz çıxışları və davranış tərzi ilə Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, qonşuluq münasibətlərinin inkişafına, bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə ciddi töhfə verdi. Onun dialoqa açıq, lakin prinsipial mövqeyi, həm İranla ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına, həm də Cənubi Qafqazda sabitlik və qarşılıqlı hörmətə əsaslanan yeni münasibət modelinin formalaşmasına şərait yaratdı. Cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda həm iqtisadi, həm də siyasi baxımdan mühüm söz sahibi olaraq mövqeyini daha da möhkəmləndirdi.

Seçilən
6
1
azadmedia.az

2Mənbələr