"Bəlkə də iki komanda da çoxdandır meydana belə qələbə əzmi ilə çıxmamışdı. Hər iki tərəf qalib gəlmək istəyirdi. Bu da meydanda görünürdü. Komandama təşəkkürümü bildirirəm. Futbolçularımdan razıyam".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 32-ci turunda Sumqayıtda "Neftçi" ilə görüşdə qeydə alınmış 2:2 hesablı heç-heçə şərh edib: "Öz səhvlərimizdən qollar buraxdıq. Amma oyundan, xüsusən də birinci hissədən çox razıyam. "Neftçi" çox yaxşı rəqibdir, güclü futbolçuları var. Fərdi səhvlərimiz, "Neftçi"nin adı, oyunçularının ustalıq səviyyəsi futbolçularımda həyəcan yaradırdı. Bu da normaldır. Belə komandaya qarşı bu cür oynadıqlarına görə futbolçularıma alqış düşür. Əlbəttə məyusam ki, qalib gələ bilmədik. Rəqib "Neftçi"dir, güclü komandaya qarşı oynamışıq. İki səhv bizim üçün kritik oldu. Öz səhvlərimizə görə qol buraxdıq. Üzücü olan budur. Növbəti matça hazırlaşacağıq".
Qeyd edək ki, "Sumqayıt" 30 xalla 8-ci pillədə qərarlaşıb.
İdman.biz