“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla yekunlaşmış oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk dəqiqələrdən oyunu diqtə etməyə çalışırdıq. Bir neçə dəfə pressinq etdikdən sonra topu almağı bacardıq. Sadəcə, yekun qərarlar düzgün olmadı. İlk hücumda qapımızda qol gördük. Hakim idarəçiliyi böyük problemə çevrilmişdi. Son vaxtlar üzərimizdə təzyiq çoxdur. Bir az neqativ ab-hava formalaşıb. Amma buna görə kimlərsə istədiklərini edə bilməzlər. Bu gün hakim oyunu ələ ala bilmədi. Topdaşıyanlar topu gec verirlər, oyunun tempini salırlar. Ağadadaşın sayılmayan qolu… Planşetdə epizodlara biz də baxırıq. Ola bilər ki, VAR otağında başqa görüntülər var. Biz gördüyümüz videolara əsasən deyirəm ki, təmiz qol idi. Həmin qol qeydə alınsaydı, qalib gələ də bilərdik. Təmiz qolumuzu saymadılar. Çox vaxt hesabda öndə olanda biz qollar buraxmışıq. Amma bu gün 0:2-dən sonra qollar vurub heç-heçə etdik. Futbolçular sağ olsunlar”.
Samir Abasov futbolçuların performansına da qiymət verib:
“Peşəkar liqada oynayırıq. Heç birimizin aqibəti bilinmir. Heç bir futbolçunun ixtiyarı yoxdur ki, təslim olsun. Dünyada nə qədər komanda var. Ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətini qazanasan. Komandanı oyunlara kökləmək çətindir. Amma nə edək? Bu, futboldur. Bundan da dərs çıxarmalıyıq. Biz öz problemlərimizi bilirik. Bu gün qapanan komandaya qarşı oynadıq. “Neftçi”dəki futbolçular digər klublardan maddiyyatı ilə seçilir. “Neftçi”nin müdafiəyə çəkilməsi, digər komandanın oynaması yolverilməz haldır. Problemləri aradan qaldırmağa çalışacağıq.
Son oyunda Emin Mahmudov zədələndi. Ola bilər ki, mövsümü erkəm başa vursun. İki aydır oynamırdı. Çox güc sərf etdi və ayağında problem yarandı. Bəlkə də yaşla bağlıdır. Ümumi baxanda orta xətdə oyunçularımız çoxdur. Amma Rafael Quzzo, Ryonosuke Ohori, Emil Səfərov zədəlidirlər. Heyət quranda, dəyişiklik edəndə problemlə üzləşirik”.
Samir Abasov artıq indidən növbəti mövsümü düşündüklərini etiraf edib:
“Bütün gün gələcəklə bağlı fikirləşirik, planlar qururuq. Heç kimə sirr deyil ki, bu, oyunçularla bağlıdır. Axtarışdayıq”.
“Haqqımda xoş olmayan ifadələri oxuyanda məyusluq yaşayıram”
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə heç-heçəyə belə şərh verib:
“Hər iki tərəf qalib gəlmək istəyirdi. Bu da meydanda görünürdü. Komandama təşəkkürümü bildirirəm. Futbolçularımdan razıyam. Öz səhvlərimizdən qollar buraxdıq. Amma oyundan, xüsusən də birinci hissədən çox razıyam. “Neftçi” çox yaxşı rəqibdir, güclü futbolçuları var. Fərdi səhvlərimiz, “Neftçi”nin adı, oyunçularının ustalıq səviyyəsi futbolçularımda həyəcan yaradırdı. Bu da normaldır. Belə komandaya qarşı bu cür oynadıqlarına görə futbolçularıma alqış düşür.
Əlbəttə, məyusam ki, qalib gələ bilmədik. Rəqib “Neftçi”dir, güclü komandaya qarşı oynamışıq. İki səhv bizim üçün kritik oldu. Öz səhvlərimizə görə qol buraxdıq. Üzücü olan budur.
Xəyal Fərzullayev Tovuzda qurtarışlar edəndə yaxşı qapıçı idi, indi 2 top buraxıb deyə pis qapıçıdır? Gənc futbolçudur, mən ona güvənirəm. Ümidvaram ki, Xəyal növbəti oyunlarda da öz sözünü deyəcək.
Mətbuatın mənə qarşı qərəzli olduğunu düşünmürəm. Əksinə, hər zaman sizin dəstəyinizi istəmişəm. Bəzən haqqımda xoş olmayan ifadələri oxuyanda məyusluq yaşayıram. Bir gənc məşqçi olaraq komandanı çətin vəziyyətdə götürmüşəm. Amma təcrübəli məşqçilərə başqa suallar verilir, başqa şeylər yazılır. Belə olanda məcburam ki, bunu sizə deyim. Əlimdən gələni edirəm. İstəməzdim ki, bu gün komandam xal itirsin. Amma bu, futboldur.
Biz 11 oyun qol vurmamışdıq. Həmin matçlarda Rövlan Muradov əsas heyətdə idi. Ondan qabaqkı oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi. Sərtan Taşkının isə oynadığı matçlarda qol ötürmələri var. Bu futbolçunu mən necə oynatmayım? Rövlan da öz şansını gözləməlidir. Onu 10-15 dəqiqə oynatmaqdansa cavan oyunçuya şans verməyi daha üstün tuturam. Rövlanla heç bir problemimiz yoxdur. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik. Hazırda Sərtan Taşkın həmin mövqedə daha yaxşı çıxış edir”.