“Bolşeviklər “imperialistlərə qarşı mübarizə aparan Türkiyəyə kömək etmək üçün bir an əvvəl əlini mübariz Anadolunun əlinə verəcəyini də vəd edirdi”...”
"Bu taktika da xalqımıza 1920-ci il aprelin 27-28-də Rusiyanın XI “Qızıl”ordusunun guya şimal sərhədlərimizdən Azərbaycan ərazisinə başqa məqsədlə deyil, məhz qardaş Türkiyəyə yardım etmək məqsədi ilə Anadoluya yollanmaq üçün daxil olması fikrini təlqin etməyə hesablanmışdı..."
Tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizlə Moderator.az üçün budəfəki söhbətimizdə Moskvanın 70 ildən çox Azərbaycan xalqının beyninə guya bizə Şimaldan xoşbəxtlik, səadət gətirən bir “xalq inqilabı”nın baş verdiyi gün kimi yeritdiyi 28 aprel 1920-ci il tarixində əslində nələr baş verməsi, bolşevik Rusiyasının Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini hansı iyrənc, həyasız metod və taktikalarla işğal etməsi və s. haqda danışdıq.
-Boran müəllim, bu gün Putin Rusiyası Krımın ilhaqını da daxil etsək, artıq 11-ci ildir ki, müstəqil, suveren Ukraynanın genişmiqyaslı işğalı prosesini həyata keçirir. Və ABŞ prezidenti Donald Tramp kimi əndrəbadi siyasi liderlər bu iişğalı törədən Rusiyanı yox, həmin işğalın qurbanını –Ukraynanı günahkar görürlər. Hətta bəziləri deyir ki, Zelenski “NATO-ya daxil olmaq niyyətindən əl çəksəydi”, yaxud filan “gərəkli siyasi-diplomatik addımları” atsaydı, Putin 2022-ci ilin fevralında genişmiqyaslı hücuma keçməzdi. Bu prizmadan yanaşsaq, 105 il öncə bu günlərdə bolşevik Lenin Rusiyası tərəfindən işğal edilmiş Azərbaycan Cümhuriyyətinin “günahı” nə idi? Yoxsa başda Məhəmməd Əmin Rəsulzadə olmaqla AXC liderləri də hazırkı Ukrayna rəhbərliyi kimi bu işğalın baş tutmaması üçün “gərəkli siyasi-diplomatik addımlar” atmamışdı?
-Məsələ ondadır ki, bugünkü Putin Rusiyası Ukraynanı, hansı yolla olursa-olsun, özünə tabe etdirməyi qarşısına məqsəd qoyduğu kimi, 105 il öncəki Lenin Rusiyası da Azərbaycanın yeni qurulmuş müstəqil dövlətini süquta yetirdərək onun ərazisini işğal etməyi qarşısına məqsəd qoymuşdu... Və hesab edirəm ki, tarixi fakt və sənədlərin də göstərdiyi kimi, başda Rəsulzadə olmaqla AXC liderləri bütün lazımi siyasi-diplomatik addımları atmış, üstəlik, cəmi iki ilə yaxındır formalaşan dövlətin bütün imkanlarını səfərbər edərək mümkün müdafiə tədbirlərini də görmüşdülər...
Və digər tərəfdən, bütün peşəkar tarixçi, siyasətçi və diplomatlar da gözəl bilir ki, 1919-1920-ci illərdə Azərbaycana qarşı Rusiya tərəfdən yalnız birbaşa hakimiyyətdə olan bolşeviklər deyil, eyni zamanda bolşeviklərə, yaxud “qırmızı”lara qarşı açıq mübarizə və müharibə apararaq çarizmi bərpa etməyə çalışan “ağlar” – Denikin qüvvələri də işğal təhdidi törədirdi...
Məhəmməd Əmin Rəsulzadə çoxsaylı əsərlərində, o cümlədən “Azərbaycan Cümhuriyyəti”, ”Azərbaycanda milli hərəkat” adlı əsərlərində bolşevik istilasından öncəki Azərbaycanın düşdüyü vəziyyəti təhlil edərək göstərir ki, hələ 1920-ci ilin əvvəllərindən hökumət “… qayət təhlükəli bir dövr keçirirdi”. Təhlükəni doğuran amillərdən biri müstəqil Azərbaycanın “Başı üzərində daimi bir təhdid surətində asılı duran Denikin qüvvəti” idi. Çarizmi, mütləqiyyət quruluşunu bərpa etməyi qarşısına məqsəd qoyan, bu səbəblə ingilislərlə də müttəfiq olan “… Bu qara qüvvət Azərbaycan Cümhuriyyətini dəfələrlə təhdid etmişdi...”
Müttəfiqlərdən, o cümlədən ingilislərdən kömək alan Denikin qoşunları xeyli sayda əsgəri gücü, silah-sursatı ilə hətta bolşevik Moskvası üçün də təhlükə törədirdi. Məhəmməd Əmin bəy qeyd edirdi ki, Azərbaycanla bilavasitə sərhəddə olan belə bir təhlükəli ordunun Bakıya hücum etməməsi və “Xəzər dənizindəki donanması ilə Azərbaycan paytaxtını bombardman” etməməsi, digər amillərlə yanaşı, həm də Cümhuriyyətin müttəfiqlərilə bağlı idi...
Rəsulzadə hələ 1920-ci il yanvarın əvvəlində bolşevik Rusiyasının Azərbaycan və Gürcüstan respublikalarına göndərdiyi nota barədə məlumat verir. O, Denikinə qarşı birgə vuruşmağa həsr edilmiş notanın mahiyyətini də doğru müəyyənləşdirərək göstərirdi ki, Rusiya əslində bu respublikaların silahlı qüvvələrini Denikin ordusu ilə vuruşmağa təhrik edib zəiflətmək, sonra çətinlik çəkmədən onları ayrı-ayrı məhv etmək niyyətində idi. Eyni zamanda “bu nota cümhuriyyətlərin istiqlalını tanımaq və bu tanınmanı istəməkdən daha çox əhalini hökumət əleyhinə təhrik etməkdən ibarət bir təbliğat məqsədi daşıyırdı” .
Məhəmməd Əmin notaya cavabdan bəhs edərək göstərir ki, həmin çətin dövrdə hökumət yeganə doğru mövqe tutub bildirdi ki, Azərbaycan hökuməti heç bir xarici qüvvənin onun daxili işlərinə qarışmasını istəmədiyi kimi, Denikinlə mübarizəni də Rusiyanın daxili işi hesab etdiyindən ona qarışmaq fikrində olmadı. Belə bir vaxtda Sovet Rusiyası Cümhuriyyətə qarşı siyasi təzyiqlərini müxtəlif məkrli yollarla davam etdirməkdə idi. Hələ 1919-cu ilin avqustunda RSFSR-in xarici işlər komissarı Çiçerin, həmin komssarlığın Müsəlman Yaxın Şərq şöbəsinin müdiri Nəriman Nərimanov Azərbaycan, Dağıstan, Gürcüstan fəhlə və kəndlilərinə müraciət edib. Müraciətdə hiyləgərcəsinə bu təbəqəyə bildirilirdi ki, guya bu olkələrin hakim təbəqələri öz təhlükəsizliyindən qorxaraq Denikinlə saziş bağlayacaqlar. Onlar əsl məqsədlərini gizlədərək, az qala, and içirdilər ki, bolşeviklərin özgə torpaqlarında gözü yoxdur:
“Hakim siniflərinizin yenidən sizi aldatmaması üçün bir daha bütün dünya qarçısında bəyan etməyi sərvaxt iş hesab edirik: Rusiya Sosialist Sovet Respublikası heç vaxt özgə torpaqlarını tutmaq, ya özgə torpağında silah gücünə hakimiyyətini bərpa etmək məqsədilə hərəkət etməmişdir. Sovet Rusiyası hakimiyyətini bərpa etmək üçün əldə silah sizin respublikalarınız üzərinə əsla yürüş etmək fikrində deyil”. Müraciətin sonunda əslində dolayısı ilə qonşu hökumətləri, həmçinin orada yaşayan “əməkçi sinifləri” arxayınlaşdırmaq məqsədi ilə sakitcə yaşamağı, öz həyatlarını qurmağı, sadəcə olaraq Rusiya ilə mehriban qonşuluq münasibətləri bərpa etməyi tövsiyə edirdilər...
Ancaq mart ayında Azərbaycanla sərhəd olan Dağıstanda – Şimali Qafqazda ölkəmiz üçün daha qorxulu hadisələr baş verdi. Bolşeviklərlə Denikin qoşunları arasında həlledici döyüş “müdhiş bir süqut”la yekunlaşdı. Bolşeviklər qələbə qazandı...
-Bu qələbə təhlükə, təhdid mənbələrindən birini yox etdiyindən Azərbaycanın durumunu bir az yüngülləşdirirdi, yoxsa?..
-Xeyr, əksinə, Denikinin bolşeviklərə məğlub olması AXC-nin vəziyyətini daha da qəlizləşdirdi... Belə ki, bolşeviklərə məğlub olan Denikin ordusunun bir qismi, xüsusilə Xəzər dənizindəki donanmanın matrosları silahsız olaraq Azərbaycan sərhədlərini keçib ona sığındılar. Məhz Denikin ordusunun məğlub olması və belə formada dağılması da ölkəmiz üçün böyük təhlükə yaradırdı. Cümhuriyyətin banisi və lideri bu təhlükəni belə qiymətləndirirdi: “Denikinin ordusunun bu surətlə dağılması və Qafqaz cümhuriyyətlərinə sığınması nəticəsində şübhəsiz ki, Azərbaycan ən müdhiş bir təhlükəyə daxil olurdu. Fəqət, eyni zamanda da “atəşdən çıxıb alova düşürdü”...
Beləliklə, Azərbaycanın şimal sərhədlərində “…Denikin yerinə indi Leninin qüvvələri hakim olmuşdu. Bu da bir rus qüvvəti idi. Həm də bu qüvvət əvvəlki kimi deyil, ondan daha qorxunc bir qüvvət idi...”
Rəsulzadə bolşevik Rusiyasının təhlükəliliyini təkcə onun ordusunun sayının çox olmasında görməyərək onların məqsədinə çatmaq üçün istifadə etdikləri taktikanı, şüarları daha qorxunc, faciəli hesab edirdi. Bu şüarlar cəmiyyəti parçalamaq, insanları aldatmaq yolu ilə ölkənin müqavimət gücünü zəiflətmək kimi məkrli bir niyyət güdürdü. O yazırdı ki, “bolşeviklərin aldadıcı, məkrli …şüarları vardı. Bu, millətlərin hakimiyyətindən, istiqlalından, şərqin azad edilməsindən bəhs edirdi. Füqərayə cənnət vəd edirdi. İmperialistlərə qarşı mübarizə aparan Türkiyəyə kömək etmək üçün bir an əvvəl əlini mübariz Anadolunun əlinə verəcəyini vəd edirdi”...
-Deməli, bu taktika da xalqımıza 1920-ci il aprelin 27-28-də Rusiyanın XI “Qızıl”ordusunun guya şimal sərhədlərimizdən Azərbaycan ərazisinə başqa məqsədlə deyil, məhz qardaş Türkiyəyə yardım etmək məqsədi ilə Anadoluya yollanmaq üçün daxil olması fikrini təlqin etməyə hesablanmışdı?..
-Əlbəttə... Məhəmməd Əmin qeyd edirdi ki, insanları aldatmaq məqsədi ilə irəli sürülən bu şüarla bolşeviklər “…Türkiyə dərdi ilə yanan Azərbaycan qəlbinin həssas nöqtəsinə basırdı”. Ona görə indi “ortaya bir şüar atılırdı: bolşevik Rusiya kapitalın düşmənidir. Mübariz Türkiyə Avropa imperializmi ilə ölüm və dirim mübarizəsindədir. Ankara mübarizlərinə yardım etmək Moskvanın arzusudur. Bu yardımın təmini üçün Qafqaziyada bizə dost hökumətlər təsis etmək və bir an əvvəl Qızıl Orduyu Anadoluya şövq etməklə türklərə kömək etmək lazımdır”.
Rəsulzadə yazır ki, bolşeviklər bu şüarla onları əməldə deyil, “…sözdə tanıyan və özləri ilə heç bir əlaqəsi olmayan bəzi türk kişiləri və zabitləri üzərində” böyük təsirə malik olmaqla aldadırdı. Şübhəsiz, bu Azərbaycan cəmiyyətinə də təsirsiz olmadı. Ancaq bolşeviklərin bu hiyləgər şüarının mahiyyətini Cümhuriyyət rəhbərləri və istiqlalsevərləri doğru başa düşmüşdülər...
Rəsulzadə onların mövqeyini belə ifadə edirdi: “… Yalnız Azərbaycan Cümhuriyyətinin həqiqi istiqlalını tanımaq şərtilə onlar bolşeviklər tərəfindən elan olunan şüarların səmimiyyətinə inana bilərdilər. Yoxsa “bütün oyunun Xoca Nəsirəddinin yorğanı üstündə oynanacağına” şübhələri yox idi”...
-Sözsüz ki, Azərbaycanın işğalında Rusiyanın ölkəmizdə o zaman formalaşdırdığı “5-ci kalon”u da aparıcı rollardan birini oynamışdı...
-Tamamilə doğrudur... Lenin Rusiyasının müstəqil Azərbaycana təzyiq və sonradan onu işğal etmək üçün ölkəmizin daxilində yaratmağa başladığı “beşinci kolon”un qarşısına da xüsusi vəzifələr qoymuşdu...“5-ci kolon” funksiyasını əsasən Rusiyanın ölkəmizdəki maşası, əlaltısı vəzifələrini yerinə yetirən qüvvələrdən biri olan erməni millətçiləri yerinə yetirirdi. Hələ 1920-ci ilin yanvarında Moskvada özlərini “sosial-demokrat” adlandıran, əslində dünyagörüşü baxımından daşnaklardan fərqlənməyən erməni nümayəndəsi Pirumov və Zaxaryanla bolşeviklərin rəhbərləri arasında görüş keçirilmişdi. Onlar razılığa gəlmişdilər ki, ermənilər mart ayında Qarabağda qiyam qaldırsın, Qazax qəzası istiqamətində isə Azərbaycan torpaqlarına hücum etməklə yeni bir cəbhə açsın. Bu xidmətlərin əvəzində isə Moskva gələcəkdə Azərbaycan torpaqları olan Naxçıvan, Zəngəzur və Qarabağı ermənilərə verəcəyini vəd etmişdi...
Rəsulzadə yazır ki, 1920-ci il mart ayının 20-dən 21-nə keçən gecə Novruz bayramı gecəsi Şuşa şəhərinin yaxınlığında “…. yerləşən “Xankəndi” deyilən əsgəri qəsəbə bayrama məxsus bir zövq içərisində əsgəri keçidə hazırlaşmaqla məşğul olmuşdu. Əsgərlər axşamdan bayram şənliklərinə məşğul olduqdan sonra istirahətə dalmış, uyuyur. Bu əsnada ətraf kəndlərdə məskun erməni ustaları bu gecəyə məxsus hazır etdikləri süngülərlə silahlı olduqları halda, gecə ilə bir basqın həyata keçirirlər. Qəflətən həyata keçirilən bu gecə basqını müdhiş bir plan əsasında həyata keçirilmişdi. … Əsgərlər yataqlarından qalxaraq amansız düşmənlə qeyri-bərabər döyüşə girir və .... basqın dəf olunur...”
“5-ci kalon”unun digər qanadını isə ermənilərə dəstək verən Əliheydər Qarayev və onunla həmfikir olan digər kommunistlər təşkil edirdi.
Məhəmməd Əmin parlamentin 1 aprel 1920-ci il tarixli iclasında erməni qiyamı ilə bağlı anti-Azərbaycan mövqeyində duran, XI Qırmızı Ordunu Azərbaycana dəvət etməkdə israr edən Əliheydər Qarayev və onunla həmfikir olan parlamentin digər kommunistlərinə tutarlı cavab vermiş, onları ifşa etmişdi:
“Əfəndilər!... Qarabağda Azərbaycan istiqlal və hüriyyətinin düşməni olan bir ünsür tərəfindən fəsad və üsyan qaldırılmışdır. Bu fəsad qarşısında hökumət və bütün məmləkət əmrə vaqe qarşısında bulunaraq mübarizə edir. Burada digər bir sui-qəsdin şəriki Qarabağda deyil, Bakının özündə, Azərbaycan mərkəzində böyük bir üsyan qaldırmaqda iştirak edən birisi, bir asi burada deyir ki, nə qədər siz biz asilər ilə uzlaşmamısınız, Qarabağ asiləri ilə mübarizə edə bilməyəcəksiniz, bu üsyanı yatırmaq üçün ləngimədən hökuməti, ümuri-idarəni biz asilərin əlinə verməlisiniz.
Əfəndilər! Üsyan çağıranın adı Əliheydərmi olsun,ya Vartazarmı olsun, ikisi də asidir.Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir.
...Bunu söyləyən əcabə kimdir? Bunu deyən Azərbaycan xalqının nümayəndəsidirmi və yaxud Məclisi Məbusan üzvü sifəti ilə guya bizimlə Azərbaycan müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir?...bizi Qırmızı Rusiyanın orduları ilə təhdid edir...Buna fürsətdən istifadə edən asinin əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Mən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya vəkilinin, Rusiya agentinin sözünü eşidirəm...”
Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində yazır ki, ermənilər Xankəndindəki hücumla eyni zamanda əvvəlcədən hazırlanmış plan əsasında “Əsgəran keçidi”ni tutur. Strateji baxımdan çox böyük əhəmiyyətə malik olan “Əsgəranın tutulması nəticəsində Qarabağın dağlıq hissəsi ilə Bakının əlaqəsi demək olar ki, kəsilmiş oldu. Bunun gələcəkdə doğuracaq nəticələrini yaxşı anlayan Qarabağ valisi Xosrov Sultanov hadisəni Bakıya bildirərək kömək istəyir. Qışlanın ermənilər tərəfindən mühasirə edildiyini, köməyə əlavə qüvvə gəlməsə, süqutun qaçılmaz olacağını qüvvətli cümlələrlə ifadə edirdi. Qışla süqut edərsə, bütün Qarabağ ermənilərin əlinə keçmiş hesab olunacaqdır” deyə vali bildirirdi.
Beləliklə, Azərbaycan ordusunun xeyli hissəsi bu zərurətdən şimal sərhədlərini möhkəmləndirmək əvəzinə, Qarabağa göndərilmişdi...
Bolşevik Rusiyasının Cümhuriyyəti devirmək üçün hazırladığı plana uyğun olaraq ermənilər “Qazax qəzasında da yeni bir cəbhə açdılar. Burada da erməni qüvvələri ilə Azərbaycan qüvvələri arasında çarpışmalar başladı”.
Ermənilərin qəflətən, xaincəsinə və cinayətkarcasına həyata keçirdiyi hücum Vətənimizin digər ərazilərində - Şamaxı, Şəki və Gəncə qəzalarında da qanlı erməni-müsəlman qarşıdurmasına gətirib çıxardı.
Maraqlıdır ki, sovet Rusiyasının elə həmin vaxtlarda Solovyovun başçılığı altında göndərdiyi nümayəndə heyəti ticarət, iqtisadi, xüsusən neft, neft məhsulları ilə bağlı məsələləri guya yoluna qoymaq məqsədilə Bakıda danışıqlar aparırdı...
Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin bu addımının mahiyyətini doğru müəyyənləşdirərək göstərirdi ki, bununla sovetlər Azərbaycana qarşı hazırladıqları qəsbkar işğal planını ört-basdır etmək, Cümhuriyyət qüvvələrini, rəhbərliyini arxayın salmaq niyyəti güdmüşdülər.
Azərbaycan Cümhuriyyətinə son qoymaq istəyən qüvvələr parlamentdə də fəallaşmış, hər fürsətdə hökuməti başarısızlıqda, əhalinin təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırır, dəhşətli millətlərarası qırğının qarşısını almaq üçün guya Şərq xalqlarının müdafiəçisi olan Qırmızı Ordunu köməyə çağırmağın zəruriliyini bildirirdilər. Bu cəhətdən sonralar Sovetlər tərəfindən repressiyaya məruz qalaraq amansızlıqla öldürülən Əliheydər Qarayev xüsusilə fərqlənirdi...
Rəsulzadə parlamentdə müstəqilliyimizə düşmən olan bu adamların çıxışının mahiyyətini deputatlara çatdıraraq onların erməni qiyamçıları ilə əlaqəli olduqlarını, parlamentdə bu mövqe ilə sanki Rusiyanın vəkili kimi çıxışlar etdiyini bildirirdi. O yazırdı: “Erməni üsyanından bir az əvvəl digər bir hadisə də ortaya çıxmışdı. Azərbaycan Kommunist Partiyası adı ilə toplanan üsyan komitələrinin, hökuməti devirmək məqsədilə bir üsyan etmək niyyətində olduqları hökumət tərəfindən aşkar edilmiş, təqibə başlanmış, bu təşkilata mənsub şəxslərin niyyətləri öyrənilmiş və bir neçə mühüm adam təhqiq üçün həbsə alınmışdı” .
O bu hadisələri və Moskvada nəşr olunan “Jizn nasionalnostey” qəzetində erməni jurnalistləri ilə bolşeviklərin rəhbərliyi arasında keçirilən danışıq və müzakirə edilən məsələlər barədə verilən məlumatları təhlil edərək belə nəticəyə gəlmişdir ki, erməni üsyanı ilə bu təşkilat arasında sıx bir münasibət var.
Beləliklə, M.Ə.Rəsulzadə Cümhuriyyətin süqutu ərəfəsində ölkəmizin daxili və xaricində baş verən hadisələri müqayisəli, obyektiv təhlil edərək belə nəticəyə gəlmişdir ki, Cümhuriyyətin süqutunda başlıca amil bolşevik Rusiyasının təcavüzkar xarici siyasəti - torpaqlarımızı necə olursa olsun işğal etmək istəyi idi...
(Davamı var)