Qazax, 28 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibəti ilə “Zəngin mənəviyyata sahib əsl ziyalı, qayğıkeş ana, vəfalı ömür yoldaşı” adlı tədbir keçirilib. Tədbir Qazax Rayon İcra Hakimiyyəti və Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, çıxış edənlər akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən danışıblar. Bildirilib ki, bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 102 il ötür. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.
Zərifə xanım Əliyeva təkcə görkəmli alim, istedadlı pedaqoq, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə, qeyri-adi şəxsiyyət idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi. İşinin çoxluğuna baxmayaraq Zərifə xanım həm də ailə qayğıları ilə yaşayırdı. Elmi dərəcəsi, sadəliyi və həyata vurğunluğu ilə seçilirdi. Xeyir və xeyirxahlıq Zərifə xanımın xarakterinin məğzində idi. Zərifə xanım gördüyü gözəllikləri özünün könül dünyasına həkk edərdi. Respublikamızda və onun hüdudlarından kənarda hamı Zərifə xanımı əməkdar elm xadimi, akademik, tibb elmləri doktoru, görkəmli oftalmoloq kimi tanıyır, ancaq O, hələ uşaq vaxtlarından musiqi ilə məşğul olurdu, gözəl piano çalırdı. Zərifə xanım öz təbiətinin bütövlüyü ilə hamını heyran qoyurdu.