İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
"İran prezdentinin Azərbaycana səfəri iki ölkənin münasibətləri üçün yeni bir mərhələ ola bilər" - bunu Sonxeber.az-a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"İran və Azərbaycan münasibətlərində çox ciddi inkişaf perspektivləri mövcuddur. İran rəsmilərinin son dövrlərdə Azərbaycana səfərlərinin artması ilə iki ölkənin qarşılıqlı əlaqələri bir üst səviyyəyə çatıb. İran prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfəri böyük əhəmiyyət daşıyır. Biz bir çox sahələrdə İranla Azərbaycan münasibətlərində artan dinamik rəqəmləri və iqtisadi göstəriciləri unutmamalıyıq. İki ölkə iqtisadi və ticari baxımdan fəal əməkdaşlığa malikdir. Bir çox beynəlxalq təşkilatlarda biz İranla birlikdə əməkdaşlıq edirik. Region üçün əhəmiyyətli olan 3+3 platformasını Azərbaycanın ideyası ilə yaradılması və təşkil edilməsinə İran da hər zaman dəstək olub. Həmçinin Azərbaycandan Naxçıvana İran ərazisindən istifadə edərək keçidlə bağlı razılaşmalar mövcuddur. Əlbəttə, İranlı bəzi din xadimlərinin Azərbaycanla bağlı verdikləri açıqlamalar iki ölkənin münasibətlərinin ruhuna uyğun deyil. İran prezdentinin Azərbaycana səfəri iki ölkənin münasibətləri üçün yeni bir mərhələ ola bilər".